Ukraynada Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin növbəti dəfə pozulması narahatlıqla qarşılanıb.
Bunu Media.Az-a ukraynalı diplomat və politoloq Vadim Tryuxan bildirib. O, bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyinin müvafiq bəyanatla çıxış etdiyini xatırladıb.
“Fikrimcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası zərurətini əsas götürərək, siyasi prosesə diqqət yetirmək lazımdır”, - deyə, V.Tryuxan qeyd edib.
Politoloq əlavə edib ki, fövqəladə vəziyyətlər zamanı atəşkəs rejimini pozmaq xüsusilə yolverilməzdir və şübhəsiz ki, COVID-19 koronavirusunun səbəb olduğu pandemiya bu cür vəziyyətdir.
“Ukrayna və Azərbaycan bir çox cəhətdən oxşar taleləri olan dövlətlərdir. Hər iki dövlət ərazi bütövlüyünün itirilməsindən əziyyət çəkir. Buna görə də, bir-birini dəstəkləmək - iki ölkə arasında münasibətlərin təbii vəziyyətidir. Ukrayna həmişə beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarı kimi çıxış edib, edir və edəcək.
Bununla yanaşı, Ukrayna Azərbaycanın analoji mövqeyini yüksək qiymətləndirir. Ümid etmək qalır ki, zaman keçdikcə Ermənistan xarici asılılıqdan qurtulacaq və öz xalqının, dövlətinin maraqları naminə dostluq xarakterli xarici siyasət yürütməyə başlayacaq”, - deyə, ekspert bildirib.
“Əminəm ki, heç kim öz milli mətbəxinin yeməklərini Kiyevdəki Ermənistan səfirliyinin qapılarına atmayacaq. Axı, Ukrayna “dişə-diş” prinsipi ilə yaşamayan sivil ölkədir”, - deyə, Vadim Tryuxan fikrini tamamlayıb.
Qeyd edək ki, iyulun 15-də Ukraynanın Ermənistandakı səfirliyi qarşısında Kiyevin Azərbaycanın suverenliyini dəstəkləyən mövqeyinə qarşı mitinq keçirilib. Nümayişçilər diplomatik nümayəndəliyin binasına daş və borş atıblar.