Qubanın icra başçısı iki vəzifəli şəxs barədə prokurorluğa müraciət edib.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, icra başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən rayonun Zərdabi və Talabıqışlaq İnzibati Ərazi Dairələri (İƏD) üzrə nümayəndəlikdə DOST-İş Mərkəzi MMC-nin xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.
Yoxlama zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Məlum olub ki, iki icra nümayəndəsi ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər qanun pozuntuları ediblər.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Z.Əliyev Zərdabi İƏD üzrə nümayəndə Ramin Rasif oğlu Nəcəfov və Talabıqışlaq İƏD üzrə nümayəndə Şahin Nizam oğlu Heybətovu tutduqları vəzifədən azad edib və əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.
Faktlarla bağlı araşdırma aparılır.