Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə ilə görüşüb.
Kult.az xəbər verir ki, əməkdar rəssamı evində ziyarət edən millət vəkili 2018-ci ilin Prezident Sərəncamı ilə “Cümhuriyyət İli” elan olunduğunu, Cümhuriyyətin 100 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini, onun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edildiyini, habelə Bakı Media Mərkəzinin istehsalı olan “Son iclas” sənədli filmində babasının yaşlı vaxtını canlandırdığını da xatırladaraq, xalq sevgisini haqq etmiş bir ziyalı kimi onunla Respublika Günündə görüşməyin çox xoş olduğunu deyib.
Komitə sədri hələ TV-də çalışdığı illərdə “Apreldən əvvəl May” sənədli filminin çəkilişində yaxından əməkdaşlıq etdiklərini xatırladaraq, Cümhuriyyət qurucularının varisləri ilə hər bir görüşün ona özünəməxsus duyğular bəxş etdiyini bildirib.
Xalq Cümhuriyyətinin 1920-ci ildə, o dövrün ağır şərtləri içində süqut etməsinə baxmayaraq, Yaxın Şərqin ilk demorkatik cümhuriyyətinin ideallarının həmişə yaşarı olduğunu, xalqın yaddaşından silinmədiyini deyən Qənirə Paşayeva bugün Azərbaycanın öz dövlət müstəqilliyi qazanmasını Cümhuriyyət qurucularının ruhunu şad edən böyük hadisə - milli idealların ölməzliyinin isbatı kimi qiymətləndirib.
Xalq ruhunun cəsarəti ilə XX yüzilliyin sonlarında yenidən göylərə qaldırılan üç rəngli müqəddəs bayrağımızın əbədi yaşarlığı üçün dövlətimizin, şəxsən dövlət başçısı İlham Əliyevin gördüyü böyük işləri xüsusi vurğulayan Q. Paşayeva Azərbaycanın daha böyük gələcəyə nail olacağına dərin inamını ifadə edib.
Komitə sədri Rais Rəsulzadənin yalnız daşıdığı soyada görə deyil, öz kübarlığı ilə seçilən görkəmli ziyalı, ictimai xadim, gözəl əsərlər müəllifi olan əməkdar rəssam olaraq da şöhrət qazandığını deyərək, onun mədəniyyətimizin, özəlliklə rəssamlıq sənətinin bugünü ilə bağlı, bu sənətin gənc nəslə öyrədilməsi, habelə beynəlxalq sərgilərdə təmsil olunmaq istiqamətində fikirləri ilə maraqlanıb.
Görüş üçün təşəkkür edən əməkdar rəssam sənət yolundan danışıb, maraqlı xatirələrini bölüşüb. R.Rəsulzadə Komitə sədrinin qaldırdığı məsələlər istiqamətində əməkdaşlığın, fikir mübadiləsinin ümumsənət maraqları baxımından faydalı olacağına inamını bildirib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Əməkdar rəssamla Komitə sədrinin görüşündə onun ailə üzvləri və Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı, araşdırmaçı-yazar Əkbər Qoşalı da iştirak edib.