Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı (2019-cu il üzrə) müzakirə edilib.
Bizimaz.az-ın xəbərinə görə, müzakirələrdən sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov deputatların təkliflərini dinləyib, suallarına aydınlıq gətirib.
O bildirib ki, “Reklam haqqında” qanuna əsasən, təhsil ocaqlarının qarşısında tütün məmulatlarının və spirtli içkilərin satışı qadağandır. S.Əzimov qeyd edib ki, bunun qarşısının alınması üçün qanuni addımlar atılacaq.
Qeyd edək ki, bununla bağlı məsələni parlamentdə deputat Qüdrət Həsənquliyev qaldırıb.
Deputat Siyavuş Novruzov isə iclasda Azərbaycanda bəzi siyasi partiya rəhbərlərinin miqrant alveri ilə məşğul olduğunu deyib.
S.Əzimov cavab olaraq Almaniyada dörd min azərbaycanlının qeyri-qanuni yaşadığını bildirib.
Sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul edilib.
Oxu.Az