Azərbaycandakı dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər.
Bizimaz.az xəbər verir ki, əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, ölkədəki dini konfessiyaların rəhbərləri həmrəylik nümayiş etdirərək oruc tutub birlikdə iftar açdıq: “İlk dəfədir ki, iftarı belə açırıq. Bu, həm Uca Yaradanımızın istəyi, həm də bütün dünyaya nümunə olan Azərbaycan tolerantlıq modelidir. Mənəvi harmoniya mühitində yaşamağımız dövlətimiz tərəfindən dəstəklənir, dünya bizim bu həyat təcrübəmizi təqdir edir, dəyərli örnək kimi qiymətləndirir. Multikulturalizm, etnik və dini müxtəliflik Azərbaycanın milli sərvətidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir. Bu, bizim həyat tərzimizdir, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir. Mədəniyyətlərarası, dinlərarası dialoqun, multikultural ənənələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Qürurverici haldır ki, Pontifik Şurasının bu il Ramazan ayı ilə əlaqədar dünya müsəlmanlarına müraciətində Papa həzrətlərinin Bakı səfəri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə görüşü xüsusi xatırlanır. Bu, Azərbaycan dövlətinə, onun dini-mənəvi dəyərlərə münasibətinə verilən qiymətdir. Əziz qardaşım Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril ötən il Dünya dini liderlərinin II Sammitindəki çıxışında Azərbaycanın himayədarlığı altında dinlərarası və mədəniyyətlərarası əməkdaşlığa dair Bakıda və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq tədbirləri, o cümlədən ölkəmizdəki din-dövlət münasibətlərini yüksək dəyərləndirdi”, - deyə Şeyxülislam qeyd edib.
Dünyada yayılan koronavirus pandemiyasından danışan QMİ sədri deyib ki, Prezident İlham Əliyevin vaxtında atdığı addımlar, qəbul etdiyi qərarlar sayəsində insanlarımız bu bəladan qorundu. Xalq-Lider birliyi insanlarımızın qorunması baxımından əhəmiyyətli rol oynadı. Bu gün ölkəmiz pandemiyaya yoluxanların və bu səbəbdən həyatını itirənlərin sayı baxımından son yerlərdədir. QMİ sədri əmin olduğunu bildirib ki, Allahın izni və dövlətimizin səyləri sayəsində ölkəmiz bu bəlaya da qalib gələcək.
Şeyxülislam Allahşükür Paşazadə hər il Prezident İlham Əliyevin iştirakı ilə iftar mərasimlərinin təşkil edildiyini xatırladıb. Bildirib ki, bu il karantin qaydalarına uyğun olaraq belə tədbir keçirilmir. QMİ sədri əmin olduğunu bildirib ki, tezliklə bu bəla aradan qalxacaq və növbəti il yenidən ənənəvi iftar mərasimləri təşkil ediləcək.
Çıxışının sonunda Şeyxülislam dövlətimizin başçısı İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın timsalında xalqımızın salamatlığı, tezliklə bu bəlanın qurtarması üçün dualar edib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi yepiskop Vladimir Fekete bildiriblər ki, dövlətimizin başçısının vaxtında verdiyi qərarlar sayəsində xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün önəmli tibbi və sosial tədbirlər görüldü. Azərbaycan Prezidenti insanların sağlamlığını hər şeydən üstün tutaraq vaxtında qabaqlayıcı addımlar atdı. Nəticədə isə insanların sağlamlığı maksimum dərəcədə qorunub saxlanıldı. Bu isə Azərbaycanın sosialyönümlü dövlət olmasına daha bir bariz nümunədir. Bu o deməkdir ki, dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş amili dayanır.
Sonda dini konfessiya rəhbərləri pandemiyanın geniş yayılmasının qarşısının alınması, eyni zamanda, fəsadlarının aradan qaldırılması üçün vaxtında atılan düşünülmüş addımlara görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
istinad