Ölkə Prezidentinin icra başçılarına göstərdiyi qayğının müqabilində bu məmurların belə addım atması təəssüf doğurur.
Bizimaz.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”ın canlı yayımında qohumu, İmişli rayon icra başçısı Vilyam Hacıyevin həbsi iddiaları haqda deyib.
“Hər halda nöqsan var ki, DTX belə bir əməliyyat keçirib. 2 il öncə dediklərim təsdiqini tapıb. Bizə daxil olan məxfi məlumatlar əsasında qurumlarda neqativ olayların baş verdiyini deyirdik. Dəfələrlə deyirdim ki, rayondakı sistemlər bir-birləri ilə əlaqələridir. Onlar əl-ələ verib Prezidentə yalan məlumatlar ötürürdülər”, - o bildirib.
Hafiz Hacıyev qeyd edib ki, Vilyam Hacıyev bu vəzifəyə layiq deyildi:
"İnsan keçmişini unutmamalı, tez qudurmamalıdır. Öz zəhmətiylə, əməyilə irəli getməlidir. İnsanın ona çörək verənə saymamazlığı bu nəticəyə gətirib çıxarır. Vaxtında Vilyam Hacıyevi tənqid edəndə məni qınayırdılar. 2-3 ildir danışmırdım. Neçə illərdir onun haqqında danışmamağımı istəyirdilər. V.Hacıyev Samuxda işləyəndə də danışmışam onun haqda. Bəzi nazirlər mənə xəbərdarlıq edirdilər ki, onun haqda susum".
Qeyd edək ki, Hafiz Hacıyev illərdir V.Hacıyevin rüşvətxor olduğunu bildirirdi və bir neçə dəfə onun mülklərinin siyahısını yaymışdı.