2017-ci ilin 21 iyun tarixində MTN generalı Akif Çovdarovun məhkəməsində ondan zorla alınan 3 milyon manatı tələb edən Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədov sözügedən pulu A.Çovdarova halal edib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə T.Əhmədov yeni azadlığa çıxan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla bağlı Unikal.org-a danışarkən deyib. T.Əhmədov bildirib ki, Çovdarovla görüşmək niyyəti yoxdur:
“Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim? Əgər dövlətimiz o pulu ona halal eləyibsə, mən də ona halal edirəm”.
Xatırladaq ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov 2017-ci il iyunun 21-də MTN generalı Akif Çovdarovun məhkəməsində dindirilmiş və A.Çovdarovun ondan 3 milyon manatı hədə yolu ilə alması, qardaşı oğlu və daha bir qohumunun MTN-ə aparılıb döyülməsi haqda ifadə vermişdi.