Mətbuat Şurasının sədri Əflatun Amaşov deputat Vahid Əhmədovun onun haqqında səsləndirdiyi tənqidi fikirlərə cavab verib.
Bizimaz.az bildirir ki, "Qafqazinfo"nun verdiyi xəbərə görə, Ə.Amaşov bildirib ki, Vahid Əhmədovu ötən əsrin 80-ci illərindən tanıyır: "Həmin vaxt AzərTAC-da işləyirdim. O isə zavod direktoru idi. Sonrakı fəaliyyət yolundan da xəbərdaram. Milli Məclisin deputatı kimi həmkar təmaslarımız xoş münasibətə, qarşılıqlı hörmətə əsaslanıb. İndi medianın problemlərindən söz açır və məni də belə demək mümkünsə, problem piramidasında görür. Ümumən haqlıdır. Çünki media sahəsində çox işlər həyata keçirilməlidir.
Bəs nəyə görə Vahid müəllimin medianın problemlərdən danışarkən mənim adımı hallandırması ilə razı deyiləm?
Dəfələrlə Milli Məclisin tribunasından mətbuatın ən müxtəlif çətinlikləri ilə bağlı fikirlərimi bildirmişəm. Aktual olan məsələləri qabartmışam. Hər bir parlament çıxışımı facebook sosial şəbəkəsindəki profilimdə paylaşmışam. Jurnalistlər də bununla bağlı materiallar hazırlayıblar. Vahid müəllim buyurub Milli Məclisin stenoqramlarını da izləyə bilər. Media müstəvisində qaldırdığım ƏDV-nin ləğvi, mətbu nəşrlərin yayımı, medianın hüquqi bazasının təkmilləşməsi, o cümlədən internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, mediada reklam və sair bu kimi məsələlərlə hər kəs tanışdır. Həm Mətbuat Şurasının sədri, həm də deputat kimi bu kampaniyanı aparmışam. Kampaniyadan uduşlu tərəf ancaq media ola bilərdi. Bu istiqamətdə ən çox dəstəyi elə Vahid müəllimin özündən gözləmişəm. Hətta ummuşam. Niyə ondan gözləmişəm və ummuşam, bu barədə danışmaq istəmirəm, öz səbəblərim var. Təəssüf ki, dəstək görməmişəm. Parlament tribunasından diqqətə çatdırdığım problemlərin heç olmasa, biri həllini tapsaydı, indi müəyyən qədər fərqli mənzərə olardı.
Hər kəsin özünün doğruları, doğru hesab etdiyi baxışlar var. Hər kəs etdiklərinə görə cavabdehdir. Təbii, bəzi ziddiyyətlərin kökünü bilirəm. Ümumən şəxsi zəmindəki nələrinsə peşəkar müstəviyə daşınmasının tərəfdarı olmamışam. Kim nəyə görə meydandadır, nə üçün fikir bildirir, hər birindən kifayət qədər xəbərdaram. Hər kəsin öz oyununun, öz məqsəd və mənafeyinin olması reallığını qəbul edirəm".
Qeyd edək ki, V. Əhmədov modern.az-a açıqlamasında Ə.Amaşovu da mətbuatın problemlərinə görə günahkar bilib:
"Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Onun yaxın adamları olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi".