Milli Məclisin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” və “Yaradıcılığı evdə öyrən – özünü kəşf et və bacarıqlarınla tanın” layihələrini dəstəkləyərək cəmiyyətə çağırış edib.
Kult.az xəbər verir ki, komitə sədri, millət vəkili Qənirə Paşayeva koronavirus (COVİD-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində mədəniyyətin onlayn təbliği istiqamətində görülən işləri, xüsusilə də Mədəniyyət Nazirliyinin insanların evdə qaldıqları vaxtı səmərəli keçirmələri üçün “Evdə qal, evdə yarat” və “Yaradıcılığı evdə öyrən – özünü̈ kəşf et və bacarıqlarınla tanın” aksiyalarını dəstəklədiklərini və bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, Mədəniyyət Nazirliyinin başlatdığı bu təşəbbüs belə həssas dönəmdə yaradıcı insanların fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, insanlarımızın karantin dövründə daha səmərəli məşğuliyyətlərə vaxt ayırması, cəmiyyətə faydalı ola bilməsi baxımından vacib layihədir.
“Bu gün artıq pandemiya ilə əlaqədar onlayn fəaliyyət günün tələbi və reallığına çevrilib. Odur ki, ölkəmizdə də bir sıra mədəniyyət mərkəzləri, muzeylər, təşkilatlar öz fəaliyyətlərini onlayn şəkildə qurublar. Müşahidələr göstərir ki, onlayn şəkildə fəaliyyət mədəniyyətsevərlər, internet istifadəçiləri tərəfindən maraqla qarşılanır. Sosial media istifadəçiləri yaradıcı insanların aksiya çərçivəsində hazırlayıb onlayn şəkildə satışa təqdim etdiyi əl işlərini almaqla həm mədəniyyətimizə, həm də yaradıcı insanların fəaliyyətinə stimul, gündəlik məişət qayğılarına öz dəstəklərini vermiş olarlar. Odur ki, hər kəsi öz imkanı daxilində bu nəcib və önəmli layihədə fəal olmağa çağırırıq. Rəqəmsal texnologiyalar vasitəsilə milli-mədəni irsimizin tanıdılması və mədəniyyət mərkəzlərinin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. İnsanlarımızı karantin şəraitində evdə qalmağa, bu müddətdə öz yaradıcılıq imkanlarını artırmaq üçün evdə fəaliyyət göstərməyə və virtual aləmdə daha böyük auditoriya ilə paylaşmağa çağırırıq”, - millət vəkili deyib.