Xəbər lenti

 

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq icra başçısı ilə birgə həbs edilən 10 vəzifəli şəxsdən sonra Neftçala sükuta qərq olub.

 

İcra hakimiyyətinə gələn-gedən yoxdur, İ.Vəliyevin yerinə təyinat olmadığına görə onun səlahiyyətlərini kimin icra etdiyi də bilinmir.

İndi Neftçala İH-də çalışanlar, o cümlədən, bələdiyyə sədrləri, icra nümayəndələri təşviş içindədirlər. DTX-nin əməliyyatından sonra onların istintaqa cəlb olunduğu bildirilir.

Araşdırma zamanı qeyd edilib ki, bələdiyyə sədrləri və icra nümayəndələri İsmayıl Vəliyevə verdikləri rüşvət iddiaları ilə bağlı şahid qismində ifadə verirlər, hazırda bu məsələlər araşdırılır.

İddialar səslənir ki, həbsindən bir müddət əvvəl icra başçısına qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub. İ.Vəliyevə deyilibmiş ki, şələ-şüləsini yığışdırsın, könüllü şəkildə istefa ərizəsini yazıb ölkə rəhbərliyinə təqdim eləsin.

Amma Neftçalanın İH başçısı ismarıcları qulaqardı edib, yerinə kimlərinsə göz dikdiyini fikirləşib və öz aləmində oyuna getməyəcəyini qərarlaşdırıb.

Çünki İ.Vəliyev sonluğun belə olacağını gözləməyib və işinə davam edib. Nəticədə, antikorrupsiya əməliyyatı ilə qandallanıb.

İndi Neftçala İH-də “lələ köçüb, yurdu qalıb...” Bildirilir ki, İH-də işləyənlərə və bələdiyyə sədrlərinə, o cümlədən, İ.Vəliyevlə əlaqəsi olanlara rayonu tərk etməmək tapşırılıb. Deyilənə görə, icra başçısının aldığı rüşvətin ən böyük məbləği 3000-5000 manat imiş. Bu bölgə kasıb olduğu üçün elə də iri pullar dövr etmirdi.

Camaat isə tezliklə yeni icra başçısı təyin olunacağını gözləyir. Sakinlərin sözlərinə görə, bundan sonra Neftçalaya təyinat alacaq kadr istər-istəməz işləməyə, əhalini dinləməyə, problemlərini həll etməyə can atacaq.

İ.Vəliyevin dövründə isə Neftçala zərrə qədər inkişaf etməyib, abadlıq-quruculuq işləri aparılmayıb. Rayonun 6, 7 və 8-ci küçələri adlanan ərazilərində yollar bərbad gündədir, dağılıb-tökülüb, rayonun mərkəzi yağış yağanda bərbad vəziyyətdə olur, küçələr palçığın içində batır.

Ümumiyyətlə, Neftçalada yol infrastrukturu, su-kanalizasiya sistemi bərbad gündədir. Bu illər ərzində İ.Vəliyev nə əlini ağdan qaraya vurub, nə küçələri asfalt etdirib, nə su-kanalizasiya probleminə əncam çəkib.

Sakinlər bildirirlər ki, Kürün sahilində yerləşən Neftçalada su probleminin olması tragikomediyadır:

“Su problemi dəhşətdir. Kürün sahilində yaşayan rayon yayda susuzluqdan əziyyət çəkir. Təsəvvür edirsiniz bunu? Çünki normal su xətləri yoxdur. İndi Şirvandan Salyan vasitəsilə Neftçalaya yeni su xətti çəkirlər. Görək, ondan sonra necə olacaq”.

Əhali işsizlik probleminin də olduğunu söyləyir. Sakinlər deyirlər ki, yeni yaradılan sənaye məhəlləsindən başqa normal iş yeri yoxdur. Hətta Yod-brom zavodu da yarımçıq işləyir.

Sakinlərin sözlərinə görə, həbs edilən başçının dövründə Neftçalada heç bir rayonda olmayan məmur özbaşınalığı var idi. Həm sahibkarları incidirdi, həm vətəndaşların müraciətlərinə baxılmırdı.

İ.Vəliyevi əhaliyə qarşı saymazlığı həm narazılıq yaradırdı, həm də rayona kosmetik olsa belə, əl gəzdirilməmişdi. Yəni büdcə pulları mənimsənilib.

Elə ona görədir ki, icra başçısı özünə biznes kəhkəşanı qurmuşdu, hətta eşşək ferması açmışdı. Ferma isə “gözdən uzaq, könüldən iraq”, Neftçalanın mərkəzindən xeyli aralıdakı “Xol yolu” deyilən ərazidə yerləşir.

Bu fermada 200-dən çox eşşək saxlanıldığı deyilir. Deyilənə görə, həm də keçi ferması olub.

Rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib.

Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.

Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq, icarəyə verib.

Beləliklə, Neftçalada Vəliyev dövranı bitdi, insanlar isə yüksək potensialı olan bu regiona dövlətin xüsusi diqqət ayıracağına inanır.

Xatırladaq ki, DTX-nin fevralın 20-də keçirdiyi əməliyyatdan bir neçə saat sonra prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad edilib. Həbslərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Neftçala İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verilib. 

Musavat.com

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov