REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bizimaz.az: BAKU.WS-ə daxil olan məlumatda bildirilir ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə REAL TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır.
Bununla əlaqədar bildirilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb:
"Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb".
Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir.
Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.