MSK-nın iclasında 46 saylı Şirvan şəhər seçki dairəsi üzrə namizədliyini irəli sürən Rəşad Yavər oğlu Camalovun ikili vətəndaşlığının olması ilə bağlı sözügedən DSK sədri tərəfindən daxil olmuş müraciətə baxılıb.
Bizimaz.az: Axar.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, R.Camalov DSK-ya təqdim etdiyi məlumatlarda yalnız Azərbaycan Respublikası vətəndaşı olduğunu, ikili vətəndaşlığının və başqa dövlətlər qarşısında öhdəliyi olmadığını bildirib:
”Ancaq sonra məlum olub ki, ona 2006-cı ildə Rusiya vətəndaşlığı verilib. Bu da Azərbaycan Konstitusiyasına ziddir”.
A.Muxtarova 46 saylı Şirvan şəhər dairə seçki komissiyasının R.Camalovun namizədliyinin qeydə alınmasına dair qərarının ləğv edilməsini təklif edib.
MSK sədrinin müavini aşkarlanan halın təəssüf doğurduğunu, seçiciləri məyus etdiyini və xoşagəlməz bir hal olduğunu vurğulayıb.
Müzakirələrdən sonra R.Camalovun namizədliyinin ləğv edilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, R.Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.