Yanvarın 6-da Ankara şəhərində Türkiyə Respublikasının Milli İstihbarat Təşkilatının (MİT) Mərkəzi Aparatının "Qala” yeni inzibati binasının təntənəli açılışı olub.
Bizimaz.az: BAKU.WS Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın dəvəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri təntənəli mərasimdə iştirak ediblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək qardaş ölkənin xüsusi xidmət orqanlarının keçdiyi tarixi yola nəzər salıb, hazırda Milli İstihbarat Təşkilatının qarşısında duran mühüm vəzifələr, eləcə də Türkiyənin maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən işlər barədə danışıb. Dövlət başçısı "Qala”nın istifadəyə verilməsi münasibətilə Milli İstihbarat Təşkilatının əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni binanın açılışını bildirən rəmzi lentin təntənəli şəkildə kəsilməsi mərasimində Türkiyə Respublikasının ali dövlət rəhbərliyi, hökumət üzvləri və digər rəsmi şəxslərlə yanaşı, general-leytenant Əli Nağıyev və general-leytenant Orxan Sultanov da iştirak ediblər.
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin təmsilçiləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri dövlət başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidentinə səmimi salamlarını və təbrikini, eləcə də dost və qardaş ölkəyə milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində yeni-yeni uğurların əldə edilməsi barədə arzularını çatdırıblar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını yetirmiş, təbrikə və xoş diləklərinə görə təşəkkürünü bildirib.