Xəbər lenti

Azərbaycan Ordusunun əsgəri həlak oldu

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

Ardını oxu...

Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisinə qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmadı

Bu günlərdə internet-xəbər saytlarının birində dərc olunmuş “GORANBOY rayonu Gənclər və İdman idarəsinin rəisi”Elşad Həsənovla” bağlı-ŞİKAYƏT” başlıqlı məqalə diqqətimizi cəlb etdi. Amma bu marağın səbəbi nə iddialı başlıq, nə də bu başlıqda yer almış bir neçə orfoqrafik səhv deyildi. Məsələ bundadır ki, mahiyyətinə görə şikayət xarakterli bu yazıda konkret şikayətçinin adı göstərilməsə də, şikayətin surətlərinin ünvanlandığı bir neçə qurum və təşkilatlar sırasında ölkə KİV-i də yer almışdı. Məhz elə bu səbəbdən də materialda irəli sürən ittihamlara aydınlıq gətirməyi biz də özümüzə borc bilərək, ilk növbədə elə birbaşa Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənovla əlaqə saxladıq. Qeyd edək ki, Elşad müəllim müraciətimizin səbəbini öyrənən kimi, dərhal bizi maraqlandıran bütün suallara tam təfərrüatı ilə cavab verməyə hazır olduğunu bildirdi. Biz də nə müsahibimizin, nə də özümüzün vaxtımızı hədər yerə sərf etməmək üçün dərhal konkret suallara keçdik.
İlk növbədə aydınlıq gətirmək istədiyimiz məsələ əlbəttə ki, Elşad Həsənovun təhsili ilə bağlı idi. Bu sorğumuza cavab olaraq, Elşad müəllim bildirdi ki, o, 1993-1997-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda əyani, 2002-2005-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi və 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müdavim kimi təhsil alıb. Bu məlumatı aldığımızdan az bir müddət sonra da müsahibimiz hər üç ali təhsil müəssisəsinin müvafiq diplomlarının surətlərini də bizə elektron poçt vasitəsilə təqdim etdi. Yəni bizi bu araşdırmaya sövq edən yazıda irəli sürülmüş ittihamlardan biri beləcə əsaslı şəkildə təkzib olundu.
Düzü, “birinci ox daşa dəyəndən” sonra əslində araşdırmanı elə buradaca bitirmək istədik. Amma sonra yenə də işimizi sona çatdırmaq qərarına gəldik. İkinci sualımız Elşad müəllimin “I Qarabağ savaşı iştirakçısı” kimi bir statusa sahib olub-olmadığı barədə oldu. Buna cavab olaraq idarə rəisi bildirdi ki, I Qarabağ savaşı dönəmində o, ümumiyyətlə tələbə olub və nə I, nə də II Qrabağ müharibələrində iştirak etməyib. Təbii ki, heç bir veteranlıq statusuna da sahib deyil və bunu istənilən dövlət qurumu çox asanlıqla müəyyən edə bilər. Deməli bu ittiham da əsassız oldu.
Nəhayət, Elşad Həsənovun rəhbərlik etdiyi Goranboy rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti, bu qurumun təşkilatçılığı ilə keçirilən tədbirlər barədə bəzi məlumatları da özümüz təqdim etmək qərarına gəldik. Qeyd edək ki, təkcə son bir ay ərzində keçirilən tədbirlərin siyahısı artıq idarənin səmərəli işlədiyini deməyə tam əsas verir. Bu tədbirlərdən sadəcə bir neçəsini təqdim edirik. Belə ki, 22 iyul 2022-ci il tarixində Goranboy rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci illiyinə həsr olunmuş “Nə? Harada? Nə Zaman?” İntellektual bilik yarışması keçirilib. İntelektual yarışamada 5 rayon və şəhərdən 7 komandada təmsil olunmaqla ümumilikdə 35 nəfər gənc iştirak edib. 26 iyul 2022-ci il tarixində isə Goranboy rayon Gənlər və İdman İdarəsinin təşkilatçılığı, Goranboy rayon Olimpiya İdman Kompleksinin və Goranboy rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə yenə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 28 illiyinin qeyd olunması münasibəti ilə həvəskarlar arasında “Şahmat Turniri” keçirilib. İki yaş qrupu üzrə keçirilmiş turnirin qalibləri Goranboy rayon Gənclər və İdman idarəsinin və Goranboy rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəxri fərmanları ilə təltif ediliblər. Həmçinin 28 iyul 2022-ci il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsinin və Goranboy rayon Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə İdmanın kütləviliyini artırmaq məqsədilə “İdman hamı üçün” devizi adı ilə Goranboy Olimpiya İdman Kompleksində idmanın Cüdo növü üzrə nümunəvi çıxışlar keçirilib. Tədbirdə 34 nəfər iştirak etmişdir. Göründüyü kimi, Goranboy rayon Gənlər və İdman İdarəsinin fəaliyyətinin səmərəliliyi də heç bir şübhə doğurmur. O ki, qaldı pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə hansısa tədbirlərin keçirilməsi barədə ittihamlara, düşünürük ki, bu iddiaların əsassızlığını və absurdluğunu sübut etmək üçün ümumiyyətlə heç bir dəlil və ya əks-arqument tələb olunmur. Bununla belə, idarə rəisi Elşad Həsənov yenə də vurğuladı ki, əgər pandemiya dövründə bu qurum tərəfindən hər hansı bir tədbir keçirilmiş olsaydı, bu barədə ilk növbədə Facebook və İnstagram səhifələrində məlumatlar yerləşdirilmiş olardı.
Beləliklə, yazı müəllifi bəlkə də KİV-ə müraciət etməklə Goranboy rayon Gənlər və İdman İdarəsinin rəhbərliyinə qarşı irəli sürülən ittihamların kor-koranə dəstəklənəcəyinə ümid edirdi. Amma belə bir haqsız və qərəzli mövqe şəxsən bizim baxışlarımıza qətiyyən uyğun deyil. Odur ki, apardığımız araşdırma nəticəsində əldə etdiyimiz məlumat və açıqlamaları da heç bir təhrifə yol vermədən, olduğu kimi təqdim etdik.
 
 
 
 
 


Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə sammit keçirildi, bu tədbir daha çox Suriyadakı nüfuz dairəsinin yenidən şəkilləndirilməsindən ötrü üç dövlətin vahid qərara gəlməsinə hesablanmışdı. 

Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməkdə israrlı və qətiyyətli olmasını bu sitatla bəyan etdi: 

 
“Milli təhlükəsizliyimizi təhdid edən şər yuvalarını Suriyadan söküb atmaqda qərarlıyıq”. 

Türkiyə keçirəcəyi antiterror əməliyyatları üçün Astana prosesi çərçivəsində Rusiya və İrandan siyasi dəstək gözləyir, Moskva ilə Tehranın Ankaraya baxış bucağındakı nisbət bir-birindən fərqlənir. 

Türkiyə ilə Rusiyanın Suriyaya dair açıq-gizli müştərək maraqları mövcuddur, Ankara-Tehran kontekstində isə bunu səsləndirmək olmur. 

Ərdoğanın İranın ali dini lideri Seyid Əli Xamenei ilə keçirdiyi görüşdə ikincinin Suriyada antiterror əməliyyatı mövzusunda keçirdiyi narahatlığı dediyimizin bariz nümunəsi hesab etmək olar. 

Tehran Suriyada Türkiyənin qüvvələr nisbətində üst mövqeyə çıxmasına qarşıdır və Ankaranın təhlükəsizlik yastığı yaratmaq cəhdlərini Suriyanın ərazi bütövlüyünün pozulması kimi interpretasiya edir. 

Türkiyənin Suriya üzrə cari hədəfləri: 

1. Tel-Rıfat və Münbiçin PKK-dan təmizlənməsi, 

2. Türkiyə-Rusiya razılaşmasının nəticəsi olan İdlibdəki atəşkəsin davam etdirilməsinə nail olmaq. 

Rusiya Prezidenti Vladimir Putin Suriyada əməkdaşlığın vacib kilid nöqtələrinin müzakirə edildiyini bildirməklə aşağıdakı mesajı vermiş oldu: Hər üç ölkənin Suriyadakı qırmızı xətlərini tapdalamamaq şərtilə hərbi hərəkətlilik başadüşüləndir. 

Bunu sammitin nəticəsi olaraq qəbul edilən ortaq bəyanatın mətnində də duymaq mümkündür. Sənədə əsasən, hər üç dövlət Suriyada dönüş nöqtəsi yaradılmasından ötrü prinsipial mövqedə dayanır. 

Hərçənd ki, cənab Putin problemlərin siyasi və diplomatik yolla həllində üç ölkənin həmfikir olduğunu söylədi. Amma bu, adi diplomatik etiket qaydasıdır və sonrakı hərbi-siyasi aktivliyə təkan verəcək tezisin məzmunundan başqa bir şey deyil. 

Hesablama aparsaq, hasil edə biləcəyimiz qənaət bundan ibarətdir ki, İran, Türkiyə və Rusiya Suriyada digər güclərin (Qərbin) geosiyasi maraqlarının eqoist tərzdə təzahürlərinə qarşı səylərini birləşdirir, lakin yerdə qalan mövzularda rəqabət şəraitində fəaliyyət göstərirlər. 

İran Prezidenti İbrahim Rəisi də eyni mövqeni ifadə etdi, bir daha Suriyanın suverenliyi məsələsini önə çəkdi və bununla Ərdoğana mesajını çatdırdı. 

Yuxarıda Tehran, Ankara və Moskvanın Suriyada Qərbi sıxışdırmaq cəhdlərinə toxunduq, mövzu üzrə əlavə şərhə ehtiyac olduğundan bəzi məqamları qeyd etmək yerinə düşər. 

Tehranda keçirilən zirvə görüşündə İran-Türkiyə-Rusiya üçbucağı vahid bir nöqtəyə çəkic vurdu: Hər üç prezident Fərat çayının Şərq sahilindəki terror qruplaşmalarının fəaliyyətindən narahatlıqlarını dilə gətirdi. 

Bununla da Fərat çayının işarə edilən zonasında ABŞ-ın həmin qruplaşmalara dəstək verdiyini vurğulayır və perspektiv üçün Ağ Evin həmin bölgədəki maraqlarını zəiflətmək planlarını işləyirlər. 

Fəratın Şərq sahili deyərkən, çayın Suriya torpaqlarına girdiyi Karkamışdan İraq sərhədinə bitişik olan Cizrəyə qədərki zolağın cənubu nəzərdə tutulur. 

Bu uzun bir zolaqdır, ABŞ qüvvələri ilə paralel olaraq PKK-nın nəzarətində olan zonadır. 
Məsələ o qədər də sadə deyil, həmin bölgə üzrə Türkiyə, Rusiya və İranın da maraqlarını eyni müstəvidə inkişaf etdirməsi çətindir. 

PROQNOZLAR: 

1. Türkiyə Suriyanın şimalında gizli şəkildə həyata keçirdiyi kəşfiyyat əməliyyatlarını açıq hərbi hərəkətlilik səviyyəsində nümayiş etdirəcək. 

2. Rusiya Türkiyə ilə bir yerə qədər razı olacaq və sonrakı proseslər üçün mütləq yeni təmaslar baş tutacaq. 

3. İranın isə Türkiyəyə dəstəyi formal xarakter daşıyacaq. 

4. ABŞ-ın bölgədən sıxışdırılması baş tutmayacaq.

 Aqşin Kərimov 

Kamaləddin Qafarov: “Azərbaycanın beynəlxalq sahədə  uğurları getdikcə artır”

“Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də keçirilmiş, cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nailiyyətlərə dair ətraflı açıqlamalar verilib. Dövlət başçısı öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, bu dövrdə ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi ilk növbədə qeyd olunmalıdır. Azərbaycanın bu mötəbər təşkilata sədrliyinin 2023-cü ilin sonuna qədər yekdil qərarla uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmış, Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan inam daha da yüksəlmişdir.”

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov səsləndirib.

Millət vəkili Azərbaycanın digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa davam etdiyini vurğulayaraq deyib: “Diqqətəlayiq haldır ki, Azərbaycan beynəlxalq müstəvidə bir çox təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə fəal tərəfdaşlıq münasibətləri də sürətli inkişafdadır. Öz çıxışında dövlət başçımız bir anonsu da diqqətə çatdırdı ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı daha bir önəmli sənəd imzalanacaq və bu, Avropa İttifaqı – Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə qaldıracaqdır.”

K.Qafarov Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyin ümumilikdə regional inkişafı ləngitdiyini qeyd edib. Deputat bildirib ki, Ermənistan hökumətinin 10 noyabr Bəyannaməsinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması üçün vacib şərtdir: “Aydındır ki, bu gün Cənubi Qafqazda gedən proseslərin əsas istiqamətinə təsir edə biləcək vacib amillərdən biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsidir. İki ölkə arasında münasibətlərin hansı səviyyədə olması ümumi regionda yaranacaq ictimai-siyasi vəziyyət və inkişaf göstəricilərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın mövqeyi tamamilə birmənalıdır və hər kəsə açıqdır. Azərbaycan sülh və inkişaf tərəfdarıdır. Təəssüflər olsun ki, bu sözləri Ermənistan haqqında hələ də demək olmur. Əlbəttə, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində indiyədək müəyyən addımlar atılıb. Lakin Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, hələlik real nəticələr yoxdur. Ermənistan hələ də imzaladığı 10 noyabr Üçtərəfli Bəyannamənin şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Məsələn, bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlıdır. Lakin hərbi əməliyyatların başa çatmasında 1 il 8 ay keçsə də, bu məsələ hələ də öz həllini tapmayıb. Bu problem Cənubi Qafqazda sülhə ciddi təhdiddir.Azərbaycan qalib ölkə olaraq belə bir vəziyyətə, öz suveren ərazilərində erməni silahlı birləşmələrinin mövcudluğuna uzun zaman dözə bilməz. Ermənistanın yerinə yetirməli olduğu vacib öhdəliklərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Maraqlıdır, qalib Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə əsasən Laçın yolunun işləməsini təmin edib və hətta bu marşrutun təhlükəsizliyinə də zəmanət verib, məğlub Ermənistan isə hələ də Zəngəzur dəhlizinin açılmasını əngəlləyir. Bu məsələ də tezliklə öz həllini tapmalıdır və bu nə qədər tez baş verərsə, Ermənistanın özü üçün də daha yaxşı olar. Azərbaycan artıq özünün haqqı olanı almaq iqtidarında olan bir ölkə olduğunu sübut edib və proqressiv prosesləri əngəlləmək, növbəti qarşıdurmalara aparan siyasət yürütmək meylləri Ermənistana baha başa gələ bilər”.

AİA.Az



Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verdiyini açıqladı. Bunu Qərb-Rusiya qarşıdurmasının Ukrayna torpaqlarındakı təzahürü fonunda izah etmək yanlış olardı.

Çünki Britaniyada daxili siyasi təlatümlər tez-tez baş verir və bu, Londonun strateji müdafiə reflekslərinə zərbə endirmək potensialına malik deyil.

 

Britaniyada kimin baş nazir postunda əyləşməsindən asılı olmayaraq, o, qlobal siyasətini dərin strateji zəka ilə müəyyənləşdirir və bu proses davam edəcək.

Bununla belə, Britaniyada hökumətə sədrlik etmək uğrunda bir yarışa start verilir və bu sahədə bəzi prosedur qaydalar mövcuddur.

Birləşmiş Krallıqda baş nazir istefa verdikdə, bir qayda olaraq, seçki keçirilmir. Boris Conson istefa versə də, onun payıza qədər vəzifəsinin başında qalacağı gözlənilir.

Əgər Conson payıza qədər baş nazir postunda qalsa, bu, o deməkdir ki, mühafizəkarlar yeni lider seçənə qədər öz vəzifəsini davam etdirəcək. Qanuna görə, bu müddət ərzində Conson Nazirlər Kabinetinə yeni üzvlər təyin edə bilər.

Bir az da aydın olsun deyə qeyd edək ki, Boris Conson Mühafizəkar partiyasının liderliyindən istefa verdikdən və yeni lider tapıldıqdan sonra baş nazirlik postu ilə vidalaşacaq.

Bəs mühafizəkarlar öz liderlərini necə seçirlər?

Mühafizəkarlar partiyasının lideri istefa verdikdən sonra yeni lider seçimi üçün seçki başlayır. Qaydalara əsasən, liderliyə namizədlərin namizədliyini irəli sürmək üçün mühafizkarlardan səkkiz deputatın dəstəyi lazımdır.

Əgər seçim zamanı ikidən çox namizəd qalarsa, bu zaman yalnız iki nəfər qalana qədər bir sıra səsvermə keçirilir.

Yəni:

- Birinci turda namizədlər seçkilərdə qalmaq üçün ən azı 5 faiz səs toplamalıdırlar,

- İkinci turda onlar 10 faiz səs qazanmalıdırlar,

- Növbəti turlarda ən az səs toplamış namizədlər mübarizədən kənarlaşdırılırlar,

- Sonda qalib iki nəfər arasından seçilir.

Britaniya mətbuatında Boris Consondan sonra kimin baş nazir olacağı da müzakirə edilir.

Həmin şəxslərin bəziləri bizə tanışdır. Məsələn, Böyük Britaniyanın yeni istefa vermiş səhiyyə naziri Sacid Cavidin, indiki xarici işlər naziri Liz Trassın və müdafiə naziri Ben Uollesin də adları namizədlər sırasında çəkilir.

Britaniya özünün qlobal siyasət konsepsiyasını “Qlobal Britaniya” strategiyası ilə təzələyib və buna uyğun davranmaqda davam edəcək.

Yəni daxili-siyasi təlatümlər Britaniyanın xarici siyasət kursuna təsir göstərməyəcək.

Aqşin Kərimov

 

Kamaləddin Qafarov: “Qoşulmama Hərəkatı  praqmatik siyasətə üstünlük verir”

“ 2022-ci il iyunun 30-dan iyulun 2-dək Bakıda, Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilmişdir . Bu vacib tədbirin əsas məqsədi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılmasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın irəli sürdüyü digər bir təşəbbüslə növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Məlumdur ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycan hər zaman Bandunq prinsiplərini ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edib: “Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın digər ölkələrlə münasibətlərin qurulmasında məhz Bandunq prinsiplərini əsas götürdüyünü bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, əgər bütün ölkələr tərəfindən ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyin, müstəqilliyin tanınması, bir-birinin işlərinə müdaxilə etməmək kimi prinsiplərə əməl olunsaydı, o zaman heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. 2019-cu ildə Qoşulmama Hərəkatı Zirvə toplantısını Bakıda böyük müvəffəqiyyətlə keçirildi və 2022-ci ilə qədər sədrliyi Azərbaycan öz üzərinə götürdü. Yenə də 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması isə, şübhəsiz, ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin təsdiqidir”.

Millət vəkili deyib: “Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə mütəmadi olaraq əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun da yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri də daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.”

K.Qafarov Azərbaycanın bütün beynəlxalq siyasi platformalarda Qoşulmama Hərəkatına üzv dövlətlərdən aldığı dəstəyi yüksək dəyərləndirdiyini vurğulayaraq deyib:” Qoşulmama Hərəkatının bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə öz əksini tapıb. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da gücləndirəcəkdir”.

AİA.Az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov