Xəbər lenti

Bu gün Radio və Televiziya İşçilərinin peşə bayramı günüdür. İlk dəfə 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilib. Lakin Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunub.

 

Uzun müddət diktor və aparıcı kimi fəaliyyət göstərən tanınmış jurnalistlər bu bayram münasibətilə Kult.az-a təəssüratlarını bölüşüblər.

Xalq artisti Şərqiyə Hüseynova: “Televiziya və radiomuzun bugünkü vəziyyətindən danışsaq, əvvəlki illərlə müqayisədə necə inkişaf etdiyimizi qeyd etməliyik. Düzdür, bəzən yanlışlıqlar olur, bəzən iradlarımızı bildiririk, lakin bununla yanaşı, inkişaf da göz qabağındadır. Bizim də cavanlıqda çox səhvimiz olub. İnsanlar bu səhvlərini düzəldə-düzəldə peşəkarlaşırlar. Peşə bayramı münasibətilə televiziya və radioda çalışan bütün dostlarımızı təbrik edirəm”.

Əməkdar artist Nərgiz Cəlilova: “1982-ci ildə televiziyada müsabiqə keçirilməsini təsadüfən görmüşdüm və mən sənədlərimi dərhal oraya təqdim etdim. Müsabiqədən uğurla keçdikdən sonra Azərbaycan Televiziyasında çalışmağa başladım. Biz 90-cı illərdə, müharibənin lap qızğın vaxtlarında çalışmışıq. Bəlkə də o vaxtlar bizim soyuqqanlı olmağımız vacib idi. Ümumiyyətlə, həmin dövrdə çox ciddi rejim var idi, hətta aparıcılar başını belə tərpədə bilməzdilər. Lakin sonradan bu stereotip qırıldı. Açığı, bu stereotipin qırılmasında mənim də rolum oldu. Çünki jestlə danışan insan idim və xəbərdarlıqlara rəğmən, bunu düzəldə bilmirdim. Mərhum diktor Rafiq Hüseynov da o vaxtlar deyirdi ki, Nərgiz Cəlilova efirə sərbəstlik gətirdi”.

Əməkdar artist Nailə İslamzadə: “İnstitutun 5-ci kursunda oxuyanda təsadüfən müsabiqəyə qatıldım. 1982-ci ildə Nərgiz Cəlilova ilə birlikdə müsabiqədən uğurla keçdim və 83-cü ilin fevralında televiziyada çalışmağa başladım.

Bu illər ərzində çox maraqlı olaylar yaşanıb... Bir dəfə Azərbaycan Televiziyasında qəribə hadisə olmuşdu. Ad günüm ərəfəsi idi və suflyordan yeni istifadə edilən zaman idi. Xəbərlərin başlamasına az qalmışdı. Əsəbi halda baş redaktorun otağına girib dedim ki, 15 dəqiqə qalıb, lakin nə mətn hazırdır, nə də suflyoru yoxlamışıq. O da mənə dedi ki, təbrik edirəm! Elə bildim, ad günümü təbrik edir. Dedim, yeridir heç?! O isə mənə “əməkdar artist” adını aldığımı söylədi. Mənim üçün ən böyük hədiyyə o idi. Həmin gün məcburən efirdə də adımı özüm oxudum. Amma oxuyan zaman başımı heç qaldırmadım”.

Xalq artisti Eldost Bayram: “Uşaq ikən məşhur diktorumuz Aydın Qaradağlının səsini dinləyib qərara gəldim ki, mən də onun kimi diktor olum. Beləcə 1972-ci il aprelin 1-dən diktor-təcrübəçi kimi fəaliyyətə başladım. Bu sənəti çox sevirdim, hər detalını öyrənmək istəyirdim. Buna görə də xəbər oxumağa gedəndə təcrübəli diktorlardan xahiş edirdim ki, məni dinləyib, səhvlərimi desinlər. Daim mütaliə edirdim, çünki diktorluq sənəti mütaliə və savad tələb edir. Bu mənada Azərbaycan radiosu mənim üçün böyük universitet oldu. Bütün bunların bəhrəsini illərdir görürəm. Artıq 47 ildir mikrofonun qarşısındayam. Mən hər zaman sənətimlə fəxr etmişəm. Hesab edirəm ki, bizim peşə çox gözəl və məsuliyyətli peşədir. Amma bu peşədə hər hansı bir uğur qazanmaq istəyirsənsə, bu peşəni əvvəlcə sevməlisən, yoxsa heç bir uğur qazana bilməyəcəksən”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov