Bu gün Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin yadigarı – mərhum bəstəkar, şair, dramaturq, rəssam Ərtoğrul Cavidin 100 yaşı tamam olur.
Kult.az xatırladır ki, Ərtoğrul Cavid oğlu Rasizadə 1919-cu il oktyabrın 22-də Bakı şəhərində anadan olub.
1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplomu ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində oxuyub. İlk böyük əsəri fortepiano üçün yazılmış “9 Variasiya” elə böyük bəstəkar Ü.Hacıbəyova ithaf olunub.
Ə.Cavid Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” və s. şeirlərinə roman və mahnılar bəstələyib.
Böyük Vətən müharibəsi başlarkən o, “Sərhəddən məktub” simfonik balladasını və marşlar yazıb, “Şeyx Sənan”, “Məshəti” operaları, bir sıra kamera və instrumental əsərləri isə yarımçıq qalıb.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak edib. 1941-1942-ci illərdə isə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılıb, lakin atası Hüseyn Cavid “xalq düşməni” elan edildiyi üçün oğlu cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib.
Vərəmə tutulan Ərtoğrul Cavid 1943-cü il noyabrın 14-də Naxçıvanda vəfat edib.
Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirlərinin yanındadır.
Naxçıvan Şəhər İncəsənət Məktəbinə Ərtoğrul Cavidin adı verilib.