Bu gün Bakıda Teatr Xadimləri İttifaqının növbəti konfransı başlayıb.
Bizimaz.az: Musavat.com-a istinadən xəbər verir ki, konfransda Mədəniyyət naziri Əbülfəz Qarayev, ittifaqın rəhbərliyi, üzvləri, tanınmış teatr və kino xadimləri iştirak edir.
Tədbiri giriş sözü ilə qurumun indiki sədri, xalq artisti Azərpaşa Nemətov açıb:
"Konfransa 84 nəfər nümayəndə seçilib. Onlardan 82 nəfəri hazırda tədbirdə iştirak edir. Digər iki nəfər isə üzrlü səbəbdən iştirak etmir".
Xalq artisti daha sonra hər kəsi ittifaqın gördüyü işləri əhatə edən videoçarx izləməyə dəvət edib.
Hazırda konfrans öz işini davam etdirir.
Qeyd edək ki, artıq bir neçə gündür ittifaqın bu tədbiri ətrafında qalmaqallar gedir. Belə ki, qurum sədrliyinə öz namizədliyini irəli sürən xalq artisti Afaq Bəşirqızı bir müddət bundan əvvəl qurultayın şəffaf keçirilməsi üçün ölkə Prezidentinə müraciət ünvanlamış, Azərpaşa Nemətov barəsində ağır ittihamlar səsləndirmişdi.
Onu da əlavə edək ki, ittifaqın üzvü xalq artisti Şəfiqə Məmmədova, xalq artisti, rejissor Eldar Quliyev tədbirdə iştirak etmir. Ölkə.az saytının yazdığına görə, xalq artistləri seçkinin qeyri-şəffaf keçirilməsinə etiraz edərək, konfransı boykot ediblər.