Azərbaycanda rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizminin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.
Bunu “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransında çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, müşahidələr və təhlillər onu göstərir ki, biznes leqal fəaliyyətə adaptasiya prosesindən uğurla keçir.
"Doğrudur, vergi orqanlarında şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblər heç də hamını razı edə bilməz. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər. Lakin hesab edirəm ki, bu, müvəqqəti bir haldır", - deyə nazir qeyd edib.(APA)