Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Po sekretu vsemu svetu" verilişinin budəfəki bölümü paytaxt Bakıya həsr edilib.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən proqramın heyət üzvləri Bakıya gələrək, küləklər şəhərinin gəzməli-görməli yerlərinə baş çəkiblər.
Verilişin aparıcısı Olqa Kuzmina Azərbaycanın qədim tarixindən, ləziz mətbəxindən, əsrarəngsiz koloritindən, mehriban, gülərüz və qonaqpərvər sakinlərindən bəhs edib.
"Mən gözəlliyə hər sahədə dəyər və önəm verildiyi bir yerdəyəm", - deyə Olqa İçərişəhərdən verilişə start verib. Kuzmina bu səfərinin Bakıya ilk gəlişi olmadığını və hər dəfə bura gəldikdə şəhəri başqa ab-havada və daha rəngarəng gördüyünü dilə gətirib.