Yaşlanmaq, 71 yaşını qeyd etmək hər insana qismət olmur. Allaha şükür edirəm ki, bu yaşıma çatmağı mənə nəsib edib.
Bizimaz.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında bu gün doğum gününü qeyd edən “Şöhrət” ordeni laureatı, Prezident təqaüdçüsü, Xalq artisti Rasim Balayev deyib.
O, bu yaşına çatdığı üçün sevindiyini, lakin yaşlanmağın da mənfi tərəflərinin olduğunu bildirib:
“İstər-istəməz qüruba doğru gedirik. İllər keçir. Yavaş-yavaş yaşlanırıq. Düzdür, yaşlanmaq, 71 yaş hər insana qismət olmur. Amma yaşlanmağın da başqa tərəfləri var. İnsanın xəstəlikləri, ağrıları, əziyyətləri artır. Allahın verdiyi ömrü gərək yaşayaq. Hər şeyə görə şükür etməliyik”.
Xalq artisti hazırda səhhətinin yaxşı olduğunu qeyd edib:
“Çünki bundan da pis ola bilərdi. Əsas odur ki, özümü idarə edə bilirəm”.
Rasim Balayev ona gələn təbriklərdən də danışıb:
“Bu gün telefon zənglərinə oyanmışam. Dostlar, tanışlar, bir çox aktyorlar təbrik edib. Hələlik Alim Qasımov təbrik etməyib. Yəqin, gün ərzində zəng edər.
Hədiyyə almamışam. Amma gözləmirəm də”.
R.Balayev 75 illik yubileyini isə təntənəli formada qeyd etməyə hazırlaşdığını nəzərə çatdırıb.