Bu gün Qubada Regional Mətbəx Festivalına start verilib.
Bizimaz.az: Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, festival Quba şəhərinin Nizami parkında təşkil edilib.
Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda şimal bölgəsinin rayonları milli mətbəx nümunələrini təqdim edirlər.
İki günlük festivala təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir.
Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları da nümayiş etdirilir.
Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunub. İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş etdirmə şansı qazanıblar.
Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası qurulub, uşaqlar üçün isə “Əyləncə parkı” zonası istifadəyə verilib.