Geyimdə seçdiyiniz rənglərin həm həval-ruhiyəniz, həm duyğularınız, həm də şəxsiyyətiniz haqqında bir çox informasiya verdiyini bilirdiniz?
Bizimaz.az: Publika.az xəbər verir ki, psixoloqların sözlərinə görə, fərqində olmasanız da, ən çox seçdiyiniz müəyyən rənglərin sizi cəlb etməsinin şüuraltı səviyyədə yatan bir səbəbi var. Oxucuları rənglər və onların mənaları ilə tanış edirik.
Mavi
Mavi rəng sizin sadiq və özgüvənli bir insan olduğunuz mesajını verir. Ən populyar rənglərdən biri olan mavi sədaqət, sülh, inam və uğuru təmsil edir. Bu rəng ətrafa rahatlıq duyğusu yayır. Tədqiqatlar göstərib ki, mavi vücudun sakitləşdirici xüsusiyyətlərə sahib bəzi kimyəvi maddələr ifraz etməsinə səbəb olur.
Mavi həm də nizam-intizam və etibar duyğusu oyandırır. Odur ki, şirkət və təhsil müəssisələrin çoxunda maviyə üstünlük verilir.
Sevgilinizlə görüşə gedərkən mavi paltar geyinsəniz, onun gözündə həm seksual görünə, həm də güvənli insan təəssüratı yarada bilərsiniz.
Qırmızı
Şəhvət rəmzi sayılan qırmızı ehtirası gücləndirici təsirə malikdir. Eşq və romantizmin də əsas simvolu olan bu “fitnəkar” rəng sizin enerjili, qətiyyətli, ehtiraslı və açıqsözlü xarakterə malik olduğunuz mesajını verir.
Yeniliklər və qəribə hadisələr gözünüzü qorxutmur. Qırmızı həm də ona işarə edir ki, siz sürətlə getməkdən qorxmursunuz, bütün diqqəti yalnız irəliyə yönəldirsiniz. Qırmızını sevənlər diqqət mərkəzində olmağı xoşlayan özgüvənli insanlardır. Bu rəng həm də güclü intuisiyaya malik olduğunu ifadə edir. Seksual və cəsarətli görünmək üçün qırmızıdan daha yaxşı bir variant ola bilməz.
Sarı
Sarı rəng aktiv, şən, gülərüz və asan ünsiyyət quran bilən insan olduğunuz mesajını verir. Günəşin simvolu olan sarı ətrafa müsbət enerjilər yayaraq xoş əhval-ruhiyyə yaradır. Əgər tez-tez sarı rəngə üstünlük verirsinizsə, bu, onu ifadə edir ki, həyat dolu və qarşısıalınmaz cazibəyə maliksiniz. Sarı paltarlar geyinən qadınlar fəal, yaradıcı və həyəcanverici xüsusiyyətlərə malikdir. Bu rəng zehnin yaradıcılıq qabiliyyətini artırır, odur ki, ağır iş günləri üçün mükəmməl bir variantdır.
Yaşıl
Yaşıl rəng sizin sakit və daxili harmoniyanı balansda saxlayan insan olduğunuza işarə edir. Həm gözləri, həm də ruhu oxşayan bu rəng ətrafınızdakı insanlara da təsir edərək sakitləşdirici effekt yaradır. Yaşıl paltarlara daha çox üstünlük verirsinizsə, bu, onu bildirir ki, hamı tərəfindən sevilmək və tanınmaq istəyirsiniz. Bu rəng, eyni zamanda, sizin sevgi dolu və empatiya hissinə sahib olduğunuza işarə edir. Yaşıl rəngə üstünlük verənlər, əsasən, sosial baxımdan aktivdir, həyatını yaxşı və keyfiyyətli yaşamağa çalışır. Xarizmatik və sirli auraya sahib olmaq üçün yaşıl uğurlu seçimdir.
Qara
Qara rəng zərif görünməyi və lüks həyatı sevdiyinizi bildirir. Bu rəng qadın bədəninin incəliyini vurğulayıb, bütün cazibəsini ön plana çıxarır. Bədən ölçülərini vizual olaraq daha arıq göstərmək qabiliyyətindən dolayı qara çox sevilir. Gücü, zərifliyi, lüksü və hakimiyyəti təmsil edən qara ofisdə ideal bir lider obrazı yaratmağa kömək edir, eyni zamanda, romantik bir gecədə seksual və güclü təəssüratlar yarada bilir.
Araşdırmalar göstərir ki, qarderobunda qara rəngin çox olması sizin əlçatmaz, soyuq və ya sərt görünməyinizə səbəb olur. Odur ki, qara geyimləri aksessuarlar və ya fərqli detallarla zənginləşdirməyə dəyər.
Bəyaz
Ağ rəng sizin saf və müsbət enerjiyə malik olduğunuzu göstərir. Ağ ismət, saflıq, sadəlik, paklıq və nikbinlik göstəricisidir. Əgər ağ paltarlar sizi daha çox çəkirsə, deməli, azad həyatı və sərbəst fəaliyyəti sevirsiniz. Bu rəng nikbin dünyagörüşünə malik, etibarlı bir insan olduğunuz haqqında informasiya ötürür. Yenilikləri sevən, dürüst və maksimalist bir insansınız.
Bənövşəyi
Bənövşəyi rəng nəcib və heyranedici olduğunuzu göstərir. Krallıq rəmzi olan bu rəng mürəkkəbliyi, zənginliyi və lüksü əks etdirir. Eyni zamanda, yaradıcı, cazibədar, anlayışlı və sənət aşiqi olduğunuzu ifadə edir. Bənövşəyi qırmızı ilə mavinin bir qarışığıdır. Odur ki, ona üstünlük verən insanlar çətin və müəmmalı insan təsiri bağışlayır. Bənövşəyi və ya yasəməni paltar geyinən insanlar zövqünə və özünə güvənir.