Daşkəsənin Bayan kəndi. Bura daha çox “Mən ki gözəl deyildim” filminin çəkildiyi kənd kimi məşhurdur.
Bayan dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə yerləşir.
Hazırda 2232 nəfərin yaşadığı kəndin sakinləri həyətyanı sahələrində əsasən maldarlıq və arıçılıqla məşğul olurlar.
Kəndin ərazisində Tunc dövrünə aid daş qutu nekropol, Almabağı qalaçası, Son Tunc - İlk Dəmir dövrünə aid nekropol, VII əsrə aid Alban Həvari kilsəsi, VII-IX əsrlərə aid Çiçirəvəng alban məbədi, XV əsrə aid məbəd, körpü, XIX əsrdə salınmış körpü, 1823-cü ildə tikilmiş monastır və 1863-cü ildə inşa edilmiş kilsə var.
Qədim alban mədəniyyəti və memarlıq sənətinin inkişafından xəbər verən kənd öz qədim tarixi, unikal landşaftı və tikililəri ilə turistlərin marağını çəkə bilər.
Qeyd edək ki, 1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Mən ki gözəl deyildim” filminin əksər epizodları məhz bu kənddə çəkilib.