ATV kanalının, ümumiyyətlə Azərbaycanın ən uzunömürlü televiziya layihəsi olan “Bacanaqlar” serialı ekranla vidalaşıb.
Bizimaz.az: Publika.az xəbər verir ki, bu barədə ekran işinin instaqram səhifəsində məlumat verilib. Layihə rəhbəri Elməddin Cəfərovun olduğu və 10 ilə yaxın davam edən serial 444-cü bölümdə finala gedib:
“Hər gözəl başlanğıcın bir sonu olur. Bu illər ərzində bizimlə çox insanlar çalışdı. 100-dən çox əsas rol iştirakçıları, 2000-dən çox kütləvi səhnələrdə çəkilən insanlarla qarşınızda olduq. Bu 10 ildə sizə gülüş bəxş etdiyimiz üçün çox xoşbəxtik. Hər bir tamaşaçımızı öpüb bağrımıza basırıq”.
“Bacanaqlar”, “Köhnə Bacanaqlar”, “Eks-Bacanaqlar”, “Şərikli Ev”, “Yeznə-Qayın” adı ilə yayımlanan komediya teleserialının quruluşçu rejissoruluğunu Orxan Əli edib, baş redaktor Ənvər Abbasov, ssenari müəllifləri Elnur Hüseynov (II), Tərlan Nur-Yaşar, Samid Ağayev, Fuad Rəsulzadədir.
Serial haqqında maraqlı faktlar
Bacanaqlar Azərbaycanın ən uzun serialıdır və ATV kanalında həftədə 1 dəfə olmaqla yayımlanırdı.
Bu serial həm də ən çox aktyor və qonaq-aktyorlarının çoxluğu ilə seçilir.
Azərbaycan kino tarixində sponsorların reklam edilməsi də ilk dəfə bu serialda görülüb.
Ənənəvi olaraq, hər seriyanın sonunda mütləq alınmayan gülməli kadrlar bir-neçə dəqiqə göstərilir.
Yeganə rol Vəfadır ki, seriya ərzində 3 fərqli aktrisa (ilk 2 mövsüm Ülviyyə Əliyeva, növbəti 2 mövsüm Ləman İmanova və son 1 mövsüm Könül Şahbazova) tərəfindən canlandırılıb.
Bacanaqlar serialındakı hər mövsüm təxminən 40-45 seriyadan ibarət olur və bəzi mövsümlərin öz adları var.