Xəbər lenti

İsraildə “Nəsimi – 650” poeziya müsabiqəsi keçirildi - FOTO
 

İsraildə böyük Azərbaycan şairi İmadəddin Nəsimi adına poeziya müsabiqəsi keçirilib. Müsabiqəni təşkil etmək təşəbbüsünü Azərbaycan Prezidenti 2019-cu ili “Nəsimi ili” elan edəndən dərhal sonra İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) irəli sürüb.

 

Bizimaz.az: “Azİz”in mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, poeziya müsabiqəsi barədə “KAN-REKA” İsrail Dövlət Radiokanalının verilişlərində, qəzetlərdə, “Azİz” Assosiasiyasının saytında, sosial şəbəkələrdə və digər informasiya resurslarında məlumat verilib.

Müsabiqəyə şeirlər mart ayının əvvəlindən aprelin 28-dək qəbul edilib. Tam olmayan iki ay ərzində İsrail, Azərbaycan, ABŞ və Rusiyada yaşayan müəlliflərdən rus, Azərbaycan, cuuri və ivrit dillərində onlarca şeir daxil olub. Şeirlərin məzmununa hər hansı mövzu ilə məhdudiyyət qoyulmayıb. Mayın 15-dək “Azİz” Assosiasiyasının saytında internet-səsvermə keçirilib. Sonra virtual oxucuların ən çox səsini toplayan şeirlər seçilib. Beləcə, yarımfinala vəsiqə qazanan 15 iştirakçı müəyyən olunub.

Yarımfinala vəsiqə qazanmış iştirakçılar növbəti mərhələdə tamaşaçılar və şairə Leyla Bəyim Cəfərova (Çexiya), yazıçı-ssenarist Yefim Abramov (İsrail), İsrailin Dağ Yəhudiləri Yazıçıları İttifaqının sədri Eldar Qurşumov, Azərbaycanın Xalq artisti Dina Tumarkina, Afula şəhər kitabxanasının direktoru İlana Braslavskaya, Afula bələdiyyəsinin Absorbsiya İdarəsinin rəisi İnna Okun, Kiryat-Yam şəhəri merinin müavini Adam Amilov, İsrailin Azərbaycandakı keçmiş konsulu Mixail Barkin və Kiryat-Byalim şəhəri merinin müavini Naxum Raçevskidən ibarət peşəkar münsiflər heyəti qarşısında “canlı” yarışmalı olublar. Münsiflər heyətinə məxsusi olaraq Azərbaycandan gəlmiş Anna İbrahimbəyova başçılıq edib.

Yarımfinal mərhələləri İsrailin üç müxtəlif şəhərində keçirilib. Təl-Əvivdə, Rusiya Mədəniyyət Mərkəzində keçirilən birinci yarımfinalda beş şair iştirak edib. İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü, bir çox müsabiqələrin laureatı, “Novı sovremennik” Beynəlxalq Yazıçılar İttifaqının fərmanlarına layiq görülmüş, üç kitabın və iki audiokitabın müəllifi, Holokost qurbanlarına həsr olunmuş “Xatirə borcum” toplusunun (Yekaterinburq, Rusiya) müəlliflərindən biri Semyon Qavrilov bu mərhələnin qalibi olub.

Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ikinci yarımfinalda Azərbaycanın Milli Qəhrəmanı, Dağlıq Qarabağın düşmən tapdağından azad edilməsi uğrunda döyüşən Sahil Məmmədova həsr olunmuş “Mənim kumirim” şeiri ilə doqquz yaşlı Kostya Vararu qalib gəlib.

Üçüncü və sonuncu yarımfinal Kiryat-Yam şəhərinin “Mifalsim” klubunda keçirilib. Qeyd edək ki, şəhərin merinin müavini əslən Azərbaycandan olan Adam Amilovdur. Bu yarımfinalda Şahin Göyçaylı qalib gəlib. Şair irihəcmli şeiri ilə Azərbaycana, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına və milli qəhrəmanlarına böyük sevgisini və ehtiramını ifadə edib.

Mayın 22-də Kiryat-Byalik şəhərində müsabiqənin finalı keçirilib. Kiryat-Byalik şəhəri merinin müavini bu yaxınlarda Azərbaycanın İsmayıllı şəhəri “Qardaşlaşmış şəhərlər” haqqında müqavilə imzalamış Naxum Raçevskidir. Hər üç finalçı yenə də peşəkar münsiflər heyəti qarşısında çıxış edib. Münsiflər heyəti birinci yeri “Mənim kumirim” şeirinin doqquz yaşlı müəllifi Konstantin Vararuya verməyi qərar alıb. K.Vararu Sahil Məmmədovun igidliyi qarşısında heyranlığını, sevimli qəhrəmanına bənzəmək arzusunu o dərəcədə səmimi izhar edib və şeirini elə ifadəli oxuyub ki, zalda oturanların heç biri buna laqeyd qala bilməyib. Beləcə, İsrail Qarabağ uğrunda döyüşlərdə bir ayağını itirmiş Azərbaycanın Milli Qəhrəmanını tanıyıb. “Nəsimi -650” poeziya müsabiqəsinin qalibi Konstantin Vararuya Azərbaycana pulsuz səfər mükafatı təqdim edilib. Finalçıların hər birinə planşet hədiyyə olunub.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azİz” tərəfindən təşkil olunmuş “Nəsimi -650” poeziya müsabiqəsini bağlayaraq, müsabiqənin bütün iştirakçılarına, münsiflər heyətinin üzvlərinə, öz şeirlərinin müsabiqədənkənar oxumuş Leyla-Bəyimə, Mixail Salmana, Larisa Lvovskayaya və digər şairlərə təşəkkür edib.

Müsabiqənin finalçılarının şeirləri İsrail və Azərbaycanın ədəbi nəşrlərində dərc ediləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov