Bu gün xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür.
Bizimaz.az xəbər verir ki, şairin həyat yoldaşı, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı sosial şəbəkədə S.Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib.
Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı VHP-nin sədridir. S.Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub.
İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.