Xəbər lenti

Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Roza Cəlilovanın yaradıcılığından danışıb, sənət fəaliyyətinə nəzər salıb.

Bildirilib ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında başlayıb. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olub. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilib, öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut edib. Onun repertuarında milli rəqslərimizlə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub.

Nazir deyib ki, hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi tamaşaçılara sevdirə bilib və mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərib.

Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olub, kütləvi xalq rəqslərinə gözəl quruluşlar verib.

Qeyd edilib ki, R.Cəlilovanın rəqqasə kimi ən üstün cəhəti professional rəqslə folkloru məharətlə birləşdirməsindədi. Lirik süjeti, bədən plastikasi və kəpənək uçuşunu xatırladan zərif əl hərəkətləri ilə rəqqasə hər bir rəqsində (Ağ çiçəyi, Lalə, Bənövşə, Qəşəngi, Qara göz və s.) mükəmməl, bitkin bir sənət əsəri yaradıb.

Ə.Qarayev deyib ki, rəqqasə parlaq ifaçılıqla yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə həyata vəsiqə alan Gülüstan Mahnı və Rəqs Ansamblı isə tam mənada Roza Cəlilovanın sənət övladıdır. Yüksək professional səviyyə və tərkibinə görə Gülüstan ansamblı qısa zamanda populyarlaşaraq xarici ölkələrdən dalbadal dəvətlər almağa başlayıb. Gülüstan ansamblı ilə bərabər Roza Cəlilova Bakı Dövlət Universiteti nəzdində olan “Sevinc” rəqs ansamblına da rəhbərlik edib.

Milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə Roza Cəlilova 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsüdür.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından yubilyarı təbrik edən Mədəniyyət naziri xüsusi olaraq qeyd edib ki, o, bu günlərdə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bütün iştirakçıları salamlayan Roza Cəlilova əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə və birinci xanıma öz minnətdarlığını bildirib. Vurğulayıb ki, nə qədər ömrü var hər zaman Azərbaycan rəqslərinin təbliğinə çalışacaq.

Gecədə sənətkarın quruluş verdiyi rəqslərlə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və İranın “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış ediblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov