Mayın 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir Əbülfəs Qarayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini bildirdi. Qeyd etdi ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir.
Sədr Abuzər İbrahimi Türkaman öz növbəsində bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə etdi. Həmçinin, İranda Azərbaycan Mədəniyyəti Günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran Kinosu Günləri və İran İslam Respublikasının Mədəniyyət Günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirdi.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İranın ölkəmizdəki Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsinin də iştirak etdiyi görüşdə gələcək illərdə birgə kino həftələri, mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Nazir Ə.Qarayev bu kimi tədbirlərin keçirilməsinin iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcəyini, mədəni əlaqələrin daha da sıx inkişafına təkan verəcəyini bildirdi. İrandakı tədbirlər çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını qeyd etdi. İran kino mütəxəssisləri ilə birgə layihələrdən, İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan Əbülfəs Qarayev mədəniyyətin digər sahələrində birgə əməkdaşlığın perspektivlərini də diqqətə çatdırdı.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında İran İslam Respublikasının hər zaman yaxından iştirakını vurğulayan nazir nümayəndə heyətini cari ilin 27 sentyabr tarixində Bakıda keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında iştiraka dəvət etdi.
İran nümayəndə heyətinin rəhbəri Abuzər İbrahimi Türkaman bu kimi görüşlərin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verdiyini vurğuladı və səmimi qəbula görə nazirə təşəkkürünü ifadə etdi.
Qeyd edək ki, Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.