Bu gün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə YUNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bizimaz.az xəbər verir ki, bu gün münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “Açıq qapı” günü elan edilib.
Belə ki, “Yanardağ”, “Atəşgah məbədi”, “Basqal”, “Xınalıq”, “Lahıc”, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün bu gün saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.
Xatırladaq ki, erməni terrorçuları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri düşmən tapdağı altındadır.