Xəbər lenti

Elmira Axundovanın iki kitabı təqdim olundu - FOTO
 

Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın yeni nəşr edilmiş “Həmkarlarımla üz-üzə” və “Эльмира, какой мы ее знаем” kitablarının təqdimat mərasimi keçirilib.

 

Bizimaz.az:  Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə millət vəkilləri, kitabda müsahibələri çap edilmiş jurnalistlər, media nümayəndələri və yazıçının qələm dostları iştirak edib.

Qonaqları salamlayan Elmira Axundova “Həmkarlarımla üz-üzə” kitabında dərc edilən müsahibələrinə görə jurnalistlərə təşəkkürünü bildirib: “Bu gün bu kitabların təqdimatında mən məhz jurnalistləri görmək istədim. Onlar həm də bu kitabların mənimlə birlikdə həmmüəllifləridirlər. Sizi buraya toplamaqda məqsədim buna görə sizə şəxsən təşəkkür etməkdir. Bu gün burada öz yazıları ilə məni sevindirən, mənə ilham verən insanları görürəm. Birinci kitabda mənim uzun illər ərzində mətbuatda dərc olunan geniş, dolğun müsahibələrim yer alıb.

İkinci kitabda isə Anar, Elçin, Vaqif Səmədoğlu kimi görkəmli şəxisyyətlərin mənim haqqımda fikirləri toplanıb. Düzü, mən sizin qarşısınızda hələ öz borcumu tam yerinə yetirə bilməmişəm. Hər zaman siz mənə daha çox diqqət göstərmisiniz. Lakin mən yayda jurnalist həmkarlarımla bağlı geniş yazı yazacam. Mən həmişə deyirəm ki, insanlara sağlığında qiymət vermək lazımdır. Siz də bunu bacarırsınız. Hərdən biz sizi kəskin tənqid edirik. Siz də eyni zamanda, bizi tənqid edirsiniz. Lakin mənim qapım hər zaman jurnalistlərə açıqdır. Çünki özüm də bu sahədə fəaliyyət göstərirəm. Hazırda jurnalistlərin fəaliyyətini yüksək dəyərləndirirəm. Bəlkə də regionda ən güclü jurnalistika indi bizim ölkəmizdədir. Bu jurnalistlər ən çətin şəraitdə belə açıq şəkildə öz sözlərini deməyi bacarırlar. Buna görə sizə təşəkkür edirəm”. Daha sonra Azərbaycan yazıçısı, Əməkdar incəsənət xadimi, "Şöhrət" ordeni laureatı Natiq Rəsulzadə öz qələm dostu haqqında təəssüratlarını paylaşıb: “Elmira Axundovanın yaradıcılığından danışanda özüm də məəttəl qalıram. Elmira xanım elə yazıçılardandır ki, istedadı onu əzir. Məcbur edir ki, o, daha çox işləsin. Onun şah əsəri isə Ulu öndər Heydər Əliyev haqqında yazdığı 6 cildlik kitabıdır. Müəllif bu kitabların üzərində 11 il işləyib. Həyatının 11 ilini bu kitablara həsr edib. Heydər Əliyev Elmira Axundova yaradıcılığının daimi mövzusu olub. Çünki ondan nə qədər yazırsan-yaz, kifayət etmir. Mən arzu edirəm ki, bu kitabların sayı çoxalsın, 16 cild, 26 cild olsun”.

Görkəmli yazıçı Səfər Alışarlı isə Elmira Axundova ilə bağlı xatirələrini qonaqlarla bölüşüb: “Bu gün mənim üçün də xüsusilə xoş gündür. Ümumiyyətlə, kitabla bağlı keçirilən bütün tədbirlər məni sevindirir. Bu gün ona görə ikiqat bayramdır ki, mənim köhnə dostumun kitablarının işığına yığışmışıq. O kitablarda bizim də jurnalımız üçün alınmış müsahibələrdən biri dərc olunub. Biz nə qədər müasir düşüncəyə malik insanlar olsaq da, müəyyən məqamlarda yaşımız öz sözünü deyir. Yaşın da xüsusiyyətlərindən biri keçmişə ekskursiya etməkdir. Sizinlə Elmira xanımla ilk tanışlıq günümüzü bğlüşmək istəyirəm. 1980-ci ildə Moskva Universitetinə imtahan vermək üçün gedəcəkdim. Burada isə Axundov adına universitetdə təhsil alırdım. Lakin həmin universitetdən sənədlərimi vermədilər ki, Moskvaya gedim. Dedilər, ya burada qalmalısan, ya da biz səni xaric etməliyik. Mən də gəldim rəhmətlik İmran Qasımovun yanına. O zaman Yazıçılar Birliyinin sədri idi. Şikayətimi ona dedim. O da mənim problemimi anladı və düyməni basıb Elmira adlı bir qadını çağırdı. Elmira xanımlar yaşıd idik. Özü də çox gözəl, gənc bir qadın idi. İmran müəllim Təhsil Nazirliyinə ünvanlanacaq məktubu diqtə edir. Mən də baxıram ki, Elmira xanım müxtəlif durğu işarələri yazır. Heç bir söz qeyd etmir. Diqtə bitəndən sonra İmran müəllim dedi ki, oxu görüm nə yazmısan. Elmira xanım da onun dediklərini eynilə təkrarladı. Mən elə o zaman bu qadına heyran qaldım ki, necə gözəl stenoqrafiya istedadı var. Bizim dostluq münasibətimiz elə oradan başladı və bütün bu illər ərzində biz bir-birimizi itirməmişik. Elmira xanım, həqiqətən də, bugünkü ədəbiyyatımızın dəyərlərindən biridir. Təkcə yazıçı, publisist kimi deyil, bütövlükdə, mənəvi dünyası, intellekti ilə hər zaman ədəbiyyatın, yaradıcılığın içində olub”. Sonda tədbirdə iştirak edən jurnalistlər müəllifi təbrik edib və yaradıcılıq yolunda uğurlar arzulayıb.

Elmira Axundova yekun çıxışında qeyd edib ki, onun növbəti kitabı ailə memuarı mövzusunda olacaq.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov