"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov tərəfindən qurumun Mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış jurnalist Mübariz Aslanova həvalə olunub.
Bizimaz.az: M.Aslanov dünəndən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" informasiya agentliklərində fəaliyyət göstərib.
Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanılıb. Maliyyə sistemi şəffaflaşdırılıb, irihəcmli kadr islahatı həyata keçirilib, televiziyanın efir proqramlarında köklü yeniliklərə start verilib. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib.