Xəbər lenti

Milli İncəsənət Muzeyində Rafael Abasovun 75 illik yubiley sərgisi keçiriləcək
 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il fevral ayının 27-dən martın 5-dək Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Rafael Abasovun 75 illik yubiley sərgisi keçiriləcəkdir. Sərginin açılışı 27 fevral saat 18:30-da baş tutacaqdır. Sərgiyə giriş sərbəstdir.

 

Rafael Abasov 28 noyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, 1968-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır.

Rəssamın əsərləri Türkiyə, Fransa, ABŞ, Çexoslovakiya, Polşa, Danimarka, Rusiya, Finlandiya, Bolqarıstan və s. ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilmişdir. Bu gün onun müxtəlif janrlarda çəkilmiş lövhələri Azərbaycanın və ayrı-ayrı dünya ölkələrinin muzeylərini, nüfüzlu şəxsi kolleksiyaları bəzəməkdədir.

Ötən əsrin ortalarından geniş yayılan sərt üslubun özünəməxsus bədii prinsiplərini mənimsəyən rəssam bütün janrlarda eyni uğurla fəaliyyət göstərmişdir.

Rafael Abasovun portret janrında yaratdığı sənət nümunələri “Gimnastın portreti”, “Neftçinin portreti”, ”Qara paltarlı qadının portreti”, “Düşüncə”, “Rəssam Nadir Qasımov” kimi əsərlərində obrazların psixoloji yaşantısının ifadəsinə üstünlük vermişdir.

Rəssamın süjetli tabloları, natürmort və mənzərələri xüsusi ifadəliyi, poetikliyi ilə seçilir. Bunlar sırasında “Təmirçilər”, “Buruq ustası”, “Kəndli oğlan”, “Lahıc misgəri”, “Şəki bazarı”, “Nehrəm ağsaqqalları”, “İsmayıllı.Çayxana”, “Payız”, “Meşə mənzərəsi”, “Dəniz sahili”, “Abşeronda”, “Günorta”, “İsmayıllı mənzərəsi”, “Qala kəndi”, “Bilgəh”, “Xəzər sahili”, “Beşbarmaq motivi”, “Lahıc qabları ilə natürmort”, “Keramik qablar”, “Mis qablar”, “Natürmort”, “Armudlar”, “Güllər”, “Ağ güllərlə natürmort”, “Mis dolça ilə natürmort”, “Yaz gülləri”, “Mis qab və armudlar” və s. adlarını qeyd etmək olar.

Rafael Abasov 1978-ci ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. O, 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülmüşdür.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov