Xəbər lenti

Bu gün görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin doğum günüdür. O, 1869-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. Mirzə Cəlilin “Ölülər”, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları” və başqa əsərləri Azərbaycan ədəbiyyatının ən maraqlı nümunələrindəndir. Böyük yazıçının publisistikası da bir-birindən dəyərli məqalələrlə zəngindir.

 

Bizimaz.az  Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının 20 noyabr 1917-ci il sayında yayımlanmış “Qondarma bəylər” yazısını təqdim edir:

“Bir balaca müqəddəmə!

Qabaqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz.

Götürək, məsələn, bəyliyi. Axır bir var əsil bəy, yəni birisinin atası, babası bəy imişlər, - söz yox, bu da bəy olacaq. İndi bəylik özü yaxşımı, yamanmı, o bir özgə məsələdir; ancaq dəxi bu kişinin bəyliyinə ki, sözün nədir? Amma bir də var qondarma bəy; məsələn, mənim nə atam bəy imiş, nə babam bəy imiş, nə də ki, mənə bir yandan bəylik çatıb. Baxıb görürəm ki, bəylik bir təşəxxüslü şeydir; mən də dinməz-söyləməz adımın axırına götürürəm bir “bəy” qondarıram. Dəxi kimə nə borcdur? Bunun nə bir xərci var, nə ştrafı var. Bəyəm ki, bəyəm!

Bəli, indi keçək əsil mətləbdən danışaq.

Mən, doğrusu, yəni əslində əl aparsan, a kişi, bəy-zad deyiləm. Vallah, billah, atam şəhərli də deyil idi ki, bəylərə bazarlıq eləyə-eləyə axırda bir yalançı bəylik qazana idi. Amma mən elə ki, ərsəyə gəldim və rus şkolasında da azdan-çoxdan dərs oxudum, - baxıb gördüm ki, balam, indiki bizim əsrimizdə bəylik özü gör nə dərəcədə hörmətli bir rütbədir ki, hər bir kəs (istəyir bəy oldu, bəy olmadı) elə onu axtarır ki, ona bəy desinlər. Hətta yazıçılarımız da ki, (heç ataları bəyliyin qoxusunu da eşitməyibdir) bu evi xarablar da bir baş məqalə yazanda, görürsən ki, götürüb adının quyruğuna bir “bəy” ləfzi də yapışdırdı.

Xülasə, artıq baş ağrısı olmasın, mən özüm də həqiqətdə bəy olmaya-olmaya özümü bəy adlandırırdım və işim pis də getmirdi. Xalqın qulağı elə qızmışdı ki, dəxi ağına-bozuna baxan yox idi.

Amma axırda bir az çətinə düşdüm. Elə ki, bu hürriyyət söhbəti başlandı, mən doğrusu, bir az fikrə getdim; axır mən ki, özümü camaat içində bəy adlandırıram, ya gərək axıra kimi bəylikdə qalam və dəxi sosial-demokratlıqdan-zaddan əl çəkəm; bu da olan iş deyil, çünki nə tövr ola bilər ki, mən məsləkimi satım bir qondarma bəyliyə? Onda mənim təzə cavanlar içində dəxi hörmətim olmaz. Elə bu xəyalat ilə bir tövr keçinirdim, axırda da gördüm ki, a gədə, hələ adımı da məclisi-müəssisan seçkisində çəkirlər. Gedib siyahilərə baxıb gördüm ki, yazıblar: “Sosial-demokrat Molla Nəsrəddin bəy”.

A gədə, biabır oldum! Amandır, o “bəy” ləfzini pozun ki, millətlər arasında lap biabır olarıq; yoxsa qeyri tayfaların içində söhbət düşəndə onsuz da, gülə-gülə deyirlər ki, müsəlman milləti hamısı bəydi; heç onların içində bir şəxs yoxdu ki, bəy olmasın.

İndi baxıb görsünlər ki, hələ nəinki yazıçılarımız və millətçilərimiz yalandan özlərini bəy adlandırmaq ilə fəxr eləyirlər, hələ bəlkə bəyləri bəyənməyən və kəndliləri bəylərin üstünə küşkürən sosial-demokratlar da özlərini yalandan, ya doğrudan bəy adlandırıb, hələ xoruzlanırlar da.

Ay biçarələr!

İmza: acıqnan mən də “Molla Nəsrəddin bəy”

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov