Xəbər lenti

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, “Mədəniyyət” telekanalının təşkilatçılığı ilə reallaşan konsertdə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Babək Niftəliyev və tanınmış müğənnilər Samir Piriyev, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Taleh Yəhyayev və başqaları çıxış edib.

Əməkdar artist Tahir İmanov saytımıza Süleyman Ələsgərovun 95 illiyi ilə bağlı keçirilən konsert barədə danışıb:

“Xalq artistinin unudulmuş əsərləri arxivdən tapılıb, konsertdə onlara ikinci nəfəs verilmişdi. Bu məsələyə “Mədəniyyət” telekanalının rəhbəri Ramil Qasımovun göstərişi ilə diqqətlə yanaşılmışdı. Çünki bu əsərlər çoxdandır ifa olunmayıb.

Bu əsərləri bizim korifey sənətkarlarımız – Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan sonra müasir sənətkarlarımız ifa etdi. Süleyman Ələsgərovun əsərləri bu gün də yaşayır və yeni nəslin nümayəndələri həmin əsərləri ifa edir. Yeni nəsil əsl Azərbaycan musiqisini bu cür konsertlərlə təbliğ olunduğunu bilməlidir. Fikrimcə, bu cür konsertlərdən sonra artıq yeni nəsil əsl musiqini seçə bilər”.

Tahir İmanov bildirib ki, konsertdə Süleyman Ələsgərovun yaradıcılığında xüsusi yer tutan “Ulduz” operettasından duet səsləndirilib:

“Biz bu dueti Əməkdar artist Lalə Məmmədova ilə birlikdə ifa etdik. Təəssüflər olsun ki, Süleyman Ələsgərovun əsərlərini bir konsertdə göstərmək mümkün deyil. Biz çalışdıq ki, unudulmuş əsərləri təqdim edək. Azərbaycanda bu cür konsertlər çox keçirilir. Bizim bu cür musiqimiz özəl kanallarda təbliğ olunmur. Gənc nəslin həmin konsertlərə getməsini məsləhət görərdim. Görsünlər ki, əsl Azərbaycan musiqisi necə olur”.

Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Göy-göl”, “Neylərəm”, “Qarabağ”, “Bilsəm sən gəlirsən” və digər mahnıları, romansları incəsənət ustaları tərəfindən səsləndirilib.

Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov