Xəbər lenti

Nərmin İbrahimova Muzey Mərkəzində İNANILMAZ İZDİHAM yaratdı - FOTO
 

Fevralın 14-də Muzey Mərkəzinin Rəsm Qalereyasında gənc rəssam Nərmin İbrahimovanın fərdi rəsm sərgisi açılıb.

 

Bizimaz.az xəbər verir ki, stilist kimi daha çox tanınan Nərmin İbrahimovanın “Məni anla” adlı sərgisində 80-ə yaxın müxtəlif janrlarda olan tabloları nümayiş olunub. Onun qadınlara həsr olunmuş sərgisində böyük izdiham yaşanıb.

Rəssam açıqlamasında bildirib ki, bu sərgi qadınlara müraciətidir:

“Çox istəyirəm ki, bir-birinə zidd zehin və ruhlar öz hisslərinə güvənib, aralarındakı ünsiyyət nöqtələrini tapa bilsin. Yaradıcılıqda şəxsi həyatma əsaslanıb, qadın və kişi rəngkarlığı arasında yaranmış fərq barədə suala cavab verməyə çalışmışam. Əsərlərim sanki mənim mesajlarımın carçısıdır. Hər bir portretdə bir mücərrədlik və hər bir mücərrəd işdə bir portret var. Və onların hər ikisində mən varam. Qadına heyran olduğumu gizlətmirəm, bu heyranlığımı hər kəslə, xüsusilə güclü cinslə bölüşmək istədim. Bu məsələdə mənim təlimçi roluna və adına iddiam yoxdur. Hər halda qadın gözəlliyi mübahisə olunmazdır. Qadın tanrının yaratdığı gözəl bir əsərdir”.

Nərmin İbrahimova bildirib ki, onun incəsənətə olan marağı atası Zahid Məmmədovdan keçib:

“Anamla atam birbaşa incəsənətə bağlı olan şəxslərdir. Atam memar-dizayner kimi fəaliyyət göstərsə də, peşəkar rəssamdır. Rəssamlıq məktəbindəki təhsilim atamdan tez-tez eşitdiyim sirli bir dünyanın qapılarını üzümə açdı. Çəkdiyim bütün əsərlər emosiyalarımın əksidir. Onlar “böyük dünya” ilə təmasda olan qəlbimin kiçik bir hissəsidir. Onlarda özünəvurğunluq axtarmayın. Mən bu rəsmlərim vasitəsi ilə danışıram. Təsviri incəsənət mənim gündəliyimdir... Planetimizdə yaşayan digər insanlar kimi mənim də böyük duyğu və hisslərim var. Məhz bu emosional təlatümlər həyatımıza faktiki olaraq rəngarənglik gətirir ki, rəsam da bundan öz palitrasında istifadə edir”.

İlk böyük sərgisini tamaşaçı qarşısına çıxaran rəssam çıxışında atasına, xüsusilə həyat yoldaşı Turan İbrahimova dərin minnətdarlığını bildirərək sevgisini etiraf edib. Atasından danışarkən göz yaşlarına hakim ola bilməyən N.İbrahimova onu da əlavə edib ki, əgər həyat yoldaşının sevgi və böyük dayağını hiss etməsə idi, çətin ki, bu sərgi baş tutardı.

“Sevilməyəsdim, mənə dəyər verilməsə idi, hörmət görməsə idim, indi sizin qarşınıza çıxıb əsərlərimi nümayiş etdirə bilməzdim. Çox xoşbəxt qadınam ki, məni sevən və dəyər verən qayğıkeş həyat yoldaşım var. Onun sayəsində çoxdankı arzumu gerçəkləşdirə bildim. O, mənim həm dostum, həm də ömür-gün yoldaşımdır”.

Nərmin İbrahimovanın bu sözlərindən sonra çıxış edən aparıcı Turan İbrahimov isə bildirib ki, xanımı bu məsələdə onun rolunu bir qədər şişirdir:

“Nə desən də ağlamayacam. Nərmin rolumu həmişə şişirdir. Mənim işim ona sadəcə “Qorxma, yaxşı olacaq” demək olub. Öz emosiyalarını rəssam fırçası ilə kətana köçürərək əsas işi o görüb”.

Sərginin açılışında Azərbaycanın Xalq rəssamı Ağaəli İbrahimov, aparıcı Nurlana Cəfərova, müğənni Elnarə Xəlilova, stilist Anar Ağakişiyev, Xuraman Şuşalı və başqa məşhurlar iştirak edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov