5-ci sinif “Azərbaycan tarixi” dərsliyinin üz qabığında xaqımızın qürur mənbəyi, ədəbiyyatımızın qədim və dəyərli yazılı abidəsi olan “Dədə Qorqud dastanları”nın baş qəhrəmanı Dədə Qorqudun obrazını əks etdirən əsər təqdim olunur.
Bu əsərin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Altay Hacıyevdir. O, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin rənglərdə canlanan obrazlarını yaradıb, onlara “Xalqımızın ulduzları” adını verib. Bu rəsmlər uzun illər müxtəlif nüfuzlu sərgi salonlarında nümayiş etdirilib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu mənada Azərbaycanımızı, onun qəhrəman keçmişini tanıtdıran və təbliğ edən sənətkarlar arasında Altay Hacıyevin adı xüsusi hörmət və ehtiramla çəkilir. Təsadüfi deyil ki, dərsliyin içərisində də yeri gəldikcə Altay Hacıyevin yaradıcılığına müraciət edilib. Dərsliyin üz qabığının tərtibatı özündə dərin bir məna yükü daşıyır. “Kitabi-Dədə Qorqud dastanları” xalqımızın tarixinin, mədəniyyətinin qədimliyini sübut edən ən tutarlı dəlillərdən biridir. Çox təəssüf doğuran haldır ki, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilən bu əsər haqqında gülünc iradlar eşidirik.
Bu sözlər dərsliyin dərcinə məsul olan “Təhsil NP” MMC-dən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, sözügedən fotoda Dədə Qorqudun əlində siqar olması ilə bağlı yayılan iddialar gülüncdür:
"Məlumdur ki, Dədə Qorqudun yaşadığı tarixi dövr və məkanda tütün məmulatından istifadə edilməyib, ümumiyyətlə, tütün Avropaya ilk dəfə XVI əsrdə Amerika qitəsindən gətirilib. Əsərin müəllifi də bu cür iradların absurd olduğunu söyləyib”.
Qeyd edək ki, 5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun rəsmində onun siqar çəkdiyi təəssüratının yarandığı haqda Qaynarinfo.az məlumat yaymışdı.
Rəsmi təqdim edir və nəticəni oxucuların ixtiyarına buraxırıq.