Bu gün Azərbaycanın məşhur bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin doğum günüdür.
Bizimaz.az xatırladır ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda anadan olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilən Qara 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi olub.
1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb. Elə həmin il də Cövdət Hacıyevlə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Qarayev 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü kimi çalışıb. 1955-1976-cı illərdə isə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.
Onun “İldırımlı yollarla” baleti nəinki Azərbaycan, bütövlükdə postsovet məkanının ən gözəl əsərlərindən biri hesab olunur. Bəstəkarın “Yeddi gözəl”, “Leyli və Məcnun” baletləri də çox məşhurdur.
Qarayev öz dövründə dahi kimi qəbul edilən şəxsiyyətlərdən biri idi. Bir dəfə Q.Qarayev və böyük türk şairi Nazim Hikmət mühüm bir tədbirdə iştirak etmək üçün birlikdə salona daxil olarkən qapıda Qarayev şairə hörmətlə “Nazim əfəndi, buyurun” deyir. N.Hikmət də cavabında “Xeyr, öncə siz buyurmalısınız” deyə israr edir. Bəstəkar şairdən yaşca kiçik olmasını və onun şəxsiyyətini nəzərə alaraq “Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz” söyləyir. Nazim Hikmət isə “Əvvəlcə dahilər, sonra böyüklər” deyərək Qarayevi qucaqlayıb salona salır.
Qeyd edək ki, Qara Qarayev 1982-ci il mayın 13-də Moskvada vəfat edib. Onu Bakıda dəfn ediblər.