Şəhid general-mayor Polad Həşimovun xatirəsinə bədii film çəkiləcək.
Bizimaz.az xəbər verir ki, filmin ssenaristi və rejissoru Cəlaləddin Qasımovun Musavat.com-a verdiyi müsahibədən bir hissəni təqdim edir:
- Şəhid general-mayor Polad Həşimov haqqında çəkiləcək filmin ssenarisinin tez bir zamanda hazır olması çoxları tərəfindən maraq və bir qədər də təəccüblə qarşılandı. Ümumiyyətlə, ssenari nə qədər müddətə hazırlandı?
- Saat yarımlıq olacaq bu film Polad Həşimovun şəhid olduğu yüksəkliyin 90-cı illərdə alınması tarixindən bəhs edir. Ümumiyyətlə, filmdə 17 hadisə var və onlardan biri də Polad Həşimovun şəhid olduğu yüksəkliyin tarixi haqdadır. Həmin yüksəklik barədə ssenari yazılmışdı və həmin yerdə də Polad Həşimov şəhid oldu.
- Filmin real hadisələrə əsaslandığını bildirmişdiz. Bu haqda daha ətraflı məlumat istərdik.
- Filmdə real hadisələrdən biri də budur - azərbaycanlılara bir erməni hərbçi əsir düşür. Məlum olur ki, həmin əsir həm də tarixçidir. Zamanında ona göstəriş verilib ki, Azərbaycan ərazisində olan alban abidələrinin üzərinə erməni xaçı qoysun və bununla da həmin abidələrin ermənilərə məxsus olduğu sübut edilsin. Əsir düşmüş erməni hərbçisi həmin abidələri bir-bir göstərir. 5-ci sinif şagirdi belə bu abidələrin üzərinə baxanda müəyyən edə bilər ki, xaçlar təzədir, onların cəmi 20-30 yaşı var. Amma halbuki alban abidələrinin min illərlə tarixi var. Bunu ekspertiza olmasa belə müəyyən etmək mümkündür. Beləliklə, filmdə bu cür hadisələrdən söhbət açılır.
Beynəlxalq festivalları mütəmadi olaraq izlədiyim üçün bu haqda dəqiq məlumatlarım var ki, ermənilər mütəmadi olaraq jüri üzvlərinə məktub yazaraq, bildirirlər ki, "biz İslam, müsəlman ölkələri arasında sıxılmış, əzilmiş bir xalqıq. Və sizə xristian ölkəsindən əzilmiş bir erməni xalqının Qarabağ mövzusunda olan filmini göndəririk". Mən də bu filmdə göstərməyə çalışıram ki, İslamdan əvvəl Azərbaycan da xristian ölkəsi olub. Bütün bunları dünya ictimaiyyətinə çatdırmaq üçün film hazır olduqdan sonra onu beynəlxalq festivallarına təqdim edəcəyik. Qoy bütün dünya görsün ki, ermənilər alban kilsələrini belə öz adlarına çıxarmaq istəyirlər.
Daha bir real hadisələrdən biri əsir düşmüş azərbaycanlıların necə işgəncələrə məruz qalmış vəziyyətdə geri qaytarılması ilə bağlıdır. Və əsir düşmüş erməniləri necə geri qaytarmışıq - bunlar real hadisələrdir və bu barədə faktlar var.
- Çox təəssüf ki, Polad Həşimovun çox sadə, təvazökar həyat tərzi sürdüyü, əsgərlərinə öz doğma övladı kimi yanaşdığı haqda ölümündən sonra xəbər tutduq. Bütün bunlar da filmdə öz əksini tapacaqmı?
- Film məhz şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinin əbədiləşdirilməsi üçün çəkilir. Yəni onun əsgərlərinə qarşı öz övladı kimi davranması, öz cibindən əsgərlərin gündəlik tələbatı üçün olan ləvazimatları alması, daha sonra döyüş bölgəsində şəhid olması, bütün bunlar filmdə əks olunacaq.
Bu arada qeyd edim ki, bu günə qədər 26 şəhid-qəhrəmanlarımızın həyatı haqda kitablar yazmışam. Yəqin ki, növbəti ssenari kitabım da general-mayor Polad Həşimov haqda olacaq.