Xəbər lenti

 
 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) son zamanlar bir çox ölkələrin nüfuzlu media qurumları ilə əlaqələrini genişləndirir.

 

QSC-dən verilən məlumata görə, bu çərçivədə qardaş Türkiyənin Radio və Televiziya Qurumu ilə əməkdaşlıq yeni maraqlı layihə ilə nəticələnib. Azərbaycan Radiosu ilə “Türkiyənin səsi” radiosu “Durna teli” adlı proqramla ilk birgə yayımını həyata keçirib.

“Durna Teli” proqramı Bakıda saat 12:00-ı, Ankarada isə 11:00-ı göstərərkən başlayıb. Verilişə telefon bağlantısı ilə qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki dövlət arasında əməkdaşlıqdan danışıblar, yeni layihənin xalqlarımızın qardaşlıq münasibətlərinə töhfə verəcəyini bildiriblər.

“Türkiyənin səsi” radiosunun Ankaradakı studiyasının qonağı olan Azərbaycan Televiziyasının Türkiyə təmsilçisi Yalçın Tahiroğlu isə televiziyamızın keçdiyi şərəfli yol, son dövrdə aparılan köklü islahatlar, efir keyfiyyəti, proqramların forma və məzmunundakı yeniliklərdən bəhs edib.

“Durna teli” proqramı ilk mərhələdə hər həftənin cümə günü Bakı vaxtı ilə 12:00-da yayımlanacaq. Gələcəkdə birgə layihələrlə bağlı əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. 41 dildə yayımlanan “Türkiyənin səsi” radiosu ilə əməkdaşlıq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, bu ilin fevral ayında Bakıda Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio və Televiziya Qurumu arasında əməkdaşlığa dair yeni protokol imzalanıb. İki radionun ortaq yayıma başlaması məhz həmin sənəddə nəzərdə tutulan geniş əməkdaşlıq planlarının yalnız bir nümunəsidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov