Tanınmış bəstəkar, Xalq artisti Arif Məlikovun Bakıda heykəlinin ucaldılacağı yer məlum olub.
Bizimaz.az report-a istinadən xəbər verir ki, bu barədə layihənin rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov məlumat verib.
Onun sözlərinə görə, artıq heykəlin qoyulacağı yer seçilib və təsdiqlənib: “Heykəl Milli Konservatoriyanın bağında, binanın yaxınlığında ucaldılacaq. Abidə üzərində hələ işə başlamamışam. Gözləyirdim ki, yer təsdiqlənsin, ondan sonra layihə hazırlansın. Çalışacağam ki, heykəl orjinal olsun və başqa heykəllərə oxşamasın”.
Qeyd edək ki, ötən il mayın 17-si Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. O, 2019-cu il mayın 9-da vəfat edib və Fəxri xiyabanda dəfn edilib.