Xəbər lenti

 

““Qaynana” filmində  34 yaşım vardı, Nəsibə xanımın isə kifayət qədər yaşı vardı və onunla bu rolu oynamağın özü bir məsuliyyət idi. Nəsibə xanım heç vaxt özündən danışmazdı, başqaları onun haqqında danışardı”
 
Bizimaz.az bildirir ki, Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyev mərhum Xalq artistimiz Nəsibə Zeynalova haqda danışarkən deyib. O, Nəsibə xanımın həmişə ürəklərdə yaşayacağını bildirib:
 
“Nəsibə xanım, gözəl, əvəzolunmaz sənətkar, bizim müəllimimiz idi. Çünki biz gənclər teatra gələndə ilk dəfə Nəsibə xanım bizi qarşılayıb. 1975-ci ildə mən üçüncü kursda oxuyanda Nəsibə xanım, Şəmsi Bədəlbəyli və Bala Qasımov universitetə gəlib tələbə seçirdilər və orda seçilənlərdən biri də mən oldum. Məni Musiqili Teatrda yardımçı heyətə dəvət etdilər və otuz il orda işlədim. Yəni Nəsibə xanım bizə həmişə qayğı göstərib. “Qaynana” filmində onun bacısı oğlu rolunda çıxış etmişəm. Nəsibə xanım nə qədər məşhur idisə, o qədər də sadə idi. Onun sadəliyi sənətinin parıltısıydı. Qaynana rolunu heç kim onun kimi məşhurlaşdıra bilmədi. Nəsibə xanım deyirdi ki, aktyorda üz mimikası, rüşeym olmalıdır ki, bunu səndə hiss etsinlər. 
 
O, çox tələbkar idi. “Qaynana” filmində  34 yaşım vardı, Nəsibə xanımın isə kifayət qədər yaşı vardı və onunla bu rolu oynamağın özü bir məsuliyyət idi. Nəsibə xanım heç vaxt özündən danışmazdı, başqaları onun haqqında danışardı. Həmişə məndən soruşardı ki, pulun, paltarın varmı? Bilirdi ki, internat məktəbində oxumuşam, imkanım yoxdur.  Bir sözlə, o, mənə inanın ki, analıq edib. Deyirdi ki, səni Cahangirdən ayırmıram, ona bir köynək alanda, mənə də alırdı. (Kövrəlir) O, həmişə gənc aktyorlara diqqət göstərirdi, onlara mane olunmasına imkan vermirdi. Nəsibə xanım deyirdi ki, tərəf müqabilim də güclü olmalıdır, əgər zəif olsa, onda mənim də yarı hissəm görünəcək. “Qaynana”da əlavə bir söz işlətdim və əslində Nəsibə xanım filmdə əlavə sözlərin işlədilməsinə imkan verməzdi. Filmdə bir yer var ki, gəlib bibimdən pul istəyirəm və o, da Məşədi Orucun şəkilinə baxıb deyir ki, “a kişi, öldün məni bunların əlində tək qoydun”. Onda mən də şəkilə baxıb dedim ki, “a kişi, sən orda tək darxmırsan? Niyə aparmadın bunu yanına?” Onda Nəsibə xanım dedi ki, “kəs səsini, böyük danışanda, balaca danışmaz”. Bu dialoq çəkiliş zamanı təsadüfən yarandı”.
 
Qeyd edək ki, bu gün Nəsibə Zeynalovanın doğum günüdür. 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov