1988-ci ildən bəri taleyinə acı qaçqınlıq, doğma yurdunu tərk etmək məcburiyyəti yazılmış və vətənin xilası naminə minlərcə şəhidlər verən Dağlıq Qarabağın Azərbaycanlı əhalisindən bəhs edən yeni bir kitab çap edilib.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Qarabağımız... Mənəvi Dünyamız” adlı 216 səhifəlik kitabın müəllifi Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, Türkiyənin Ərciyes Universitetinin professoru Qafar Çaxmaqlıdır.
Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi keçmişi, burada yaşayan insanların mənəvi dünyası və öz doğma yurduna dönmə mübarizəsindən geniş şəkildə bəhs olunub. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan rayonların-Xankəndinin, Şuşanın, Əskəranın, Xocavəndin, Ağdərənin və başqa yüzlərcə türk yurdunun dünyamıza bəxş etdiyi özünəxas mənəvi keyfiyyətlərdən danışılıb. Araşdırmada qeyd olunur ki, Qarabağ bütünlükdə mədəniyyətimizin, musiqimizin beşiyi olmuşdur, Qarabağsız Azərbaycan var ola bilməz. Təkcə XIX əsrdə balaca bir şəhər olan Şuşada 95 şair, 22 musiqiçi, 38 xanəndə-müğənni, 16 rəssam, 5 astronom, 18 arxitektor, 16 həkim yetişmişdir. Bütün Şərqdə əsrin ən böyük universal-elmi ensiklopedik biliyə malik insanları burada yazıb yaratmışdır.
Qarabağın mənəvi dünyası qorunmalıdır. Erməni işğalına son verilməsi üçün bu mənəvi dünyanın mühafizə edilməsi bir ehtiyacdır. Bu torpqları xilas etmək isə bir xalqın qarşısına qoyulmuş müqəddəs vəzifədir. Qafar Çaxmaqlının bu kitabı həmin müqəddəs hissləri aşılamaqdadır.
istinad