Bu gün görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin (1940-1979) anım günüdür.
Kult.az Vaqif Mustafazadə ilə bağlı 10 faktı təqdim edir:
1. V.Mustafazadənin anası Zivər Əliyeva böyük bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi olub, muğamları Üzeyir bəydən öyrənib. O, Azərbaycanın ilk pianoçu qadınlarından biri olub.
2. Atası Əziz bəy Hacı Çələbi xanın nəslindən idi.
3. V.Mustafazadə 1979-cu ildə Monakoda keçirilən festivalda gizli seçim əsasında yüzlərlə yarışmaçı arasından qalib olub və “Ağ royal” mükafatına layiq görülüb.
4. Sənətkar fərqli xarici görünüşü ilə həmişə diqqət çəkirdi və sovet senzurasının hədəfinə düşürdü. Bir dəfə onu efirə buraxmayıblar, bığını qırxdırmalı olduğunu deyiblər. Böyük cazmen buna görə ağır stress keçirib.
5. İlk dəfə infarkt keçirdikdən sonra onu evə gətirib çarpayıya uzadıblar. Görkəmli cazmen anasından xahiş edib ki, onun üçün “Bayatı Şiraz” muğamını çalsın. Deyilənə görə, cazla muğamı sintez etmək elə bu zaman ağlına gəlib.
6. O, Sovet Azərbaycanında bəzi şəxslərin haqsızlığına görə Gürcüstana köçüb və bir müddət bu ölkəni təmsil edib. Lakin 1968-ci ildə Mədəniyyət naziri, bəstəkar Rauf Hacıyevin təkidi ilə vətənə qayıdıb.
7. Vaqifi gözü götürməyən müəyyən şəxslər sənətkarın narkoman olması haqda şayiələr yaymağa başlayıblar. Lakin dostları deyir ki, Vaqif səhhətinə görə nəinki narkotik maddə, heç siqaret və spirtli içki də qəbul etmirdi.
8. Dünya şöhrətli müğənni, “blyuzun kralı” B.B.Kinq SSRİ-də ikən Vaqiflə görüşüb və onun ifasını yüksək qiymətləndirib.
9. Vaqif Mustafazadə SSRİ-də əməkdar artisti fəxri adını almış ilk cazmendir.
10. Prezident Heydər Əliyev Vaqifin ölümündən 3 il əvvəl ona məşhur Nizami küçəsində (“Tarqovı”) ev verib.
Qeyd edək ki, Vaqif Mustafazadə 1979-cu il 16 dekabrda Daşkənddə səhnədə ifa edərkən vəfat edib.