“Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci ildə imzaladığı sərəncamı ilə tanış olduqda məlum olur ki, xalqımızın və dövlətimizin təhlükəsizliyi müasir tələblərə cavab verən standartlara uyğun şəkildə təmin edilir. Bu gün dünyada baş verən sürətli dəyişikliklər şəraitində dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, separatizm,təbii ehtiyatların tükənməsi ilə üzləşir. Dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş mühüm nailiyyətlər Prezident İlham Əliyevin müstəqil dövlətçilik istedadının parlaq reallıqlarıdır. Qürur hissi ilə demək olar ki, bu gün dünyada Azərbaycan Respublikası qədər hərtərəfli şəkildə inkişaf edən və yüksək beynəlxalq imicə malik olan ölkələr çox deyildir.
Milli təhlükəsizlik sabitliyimizin qarantıdır
Qeyd edim ki,dövlətin və millətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlamalıdır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar, milli maraqlar təmin edilmədən isə təhlükəsizlik şəraiti yaradıla bilməz. Təhlükəsizlik, bu baxımdan informasiya təhlükəsizliyi ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın riayət etməli olduğu yaşam tərzi kimi sabitliyin qarantıdır.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasını dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, milli maraqlarının, vətəndaşlarının hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması və təmin edilməsi təşkil edir ki,bunun da hərtərəfli təminatı üçüç bütün strukturlar səfərbər olunub.
Bu gün Azərbaycan mühüm coğrafi və geosiyasi əhəmiyyəti olan bir regionda yerləşir. Onun yürütdüyü daxili və xarici siyasət dünyanın və regionun aparıcı dövlətlərinin maraqlarına toxunur və onların diqqətindən kənarda qalmır. Bu reallıq həm bölgənin, həm də ölkənin daxili təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. ABŞ və Qərbi Avropanın böyük ölkələri, regionun Rusiya, Çin, Türkiyə, İran kimi böyük dövlətləri və b. geosiyasi aktorlar Cənubi Qafqazda, Orta Asiya və bütövlükdə Avrasiyada öz maraqları çərçivəsində fəal geosiyasət reallaşdırır ki, bu da Azərbaycanın həm regional, həm də beynəlxalq maraqlarından yan keçmir.
Həm daxildə,həm də xaricdə milli maraqlar daima qorunmalıdır
Milli maraqlar deyəndə əsas inkişafı onun formalaşması və təmin olunması ilə bağlıdır. Müasir dövrdə ölkələrin milli inkişaf tələbləri daxili və xarici siyasətini - sosial-iqtisadi və siyasi-hüquqi inkişafının vəzifələrini və səviyyəsini, respublikanın coğrafi və geosiyasi mövqeyini, milli-tarixi ənənələrinin qorunmasını və inkişaf etdirilməsini, dövlətin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasını və s. çoxsaylı vəzifələrin həyata keçirilməsini tələb edir. Bütün bunlar öz əksini geosiyasət elminin "milli maraq" kateqoriyasında tapır.
Belə ki, ictimai maraqlar dövlətin daxili siyasətini müəyyənləşdirən qanunlar sistemi ilə bağlıdır və onunla tənzimlənir. Milli maraqlar isə əsasən dövlətin xarici siyasət sahəsinə aiddir və beynəlxalq aləmlə təmasda onun rəsmi fəaliyyətinin əsasını təşkil edir. Lakin bu fərqlərə baxmayaraq hər bir ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır.
Keçid dövrünü yaşayan ölkələrdə isə ictimai və milli maraqlar arasındakı qarşılıqlı təsir və birbaşa bağlılıq özünü daha qabarıq şəkildə büruzə verir. Butün bu formulaları Azərbaycan Respublikasına da şamil etmək olar. Azərbaycanın daxili siyasətində vətəndaşların əsas maraqlarını hakimiyyət qurumları, ictimai-siyasi təşkilatlar və digər yerli strukturlar ifadə edirsə, milli maraqları beynəlxalq aləmdə və ölkə daxilində əsasən Azərbaycan dövləti və onun müvəkkil etdiyi qurumlar həyata keçirir.
Milli maraq çərçivəsi dünya ölkələrinin yuxarıda sadalanan universal təhlükəsizlik ölçülərini nəzərə almaqla yanaşı, həm də məxsusi təhlükəsizlik təhdidlərinə əsaslanan bəzi xarakterik xüsusiyyətləri ilə şeçilir.
Hər birimiz milli təhlükəsizliyimiz üçün səfərbər olmalıyıq
Müstəqilliyinə nail olduqdan ölkəmiz milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və onun təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub. Hələ ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun 1998-ci il aprelin 3-də qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı. Milli maraqların və milli təhlükəsizliyin təmin olunması üçün dövlət öz sərəncamında olan bütün maddi və mənəvi vasitələrdən, daxili və xarici resurslardan - iqtisadi, siyasi, ideoloji, diplomatik və s. mexanizmlərdən istifadə edir.
Milli maraqların təminatında informasiya təhlükəsizliyi vacib amildir
Müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və milli təhlükəsizliyə informasiyaların ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir. Bunun üçün informasiya təhlükəsizliyini qorumaq məqsədilə ictimai maarifləndirmə kampaniyasına da ehtiyac vardır. Bu yolda vətəndaş cəmiyyətinin üzərinə müxtəlif vəzifələr düşür.
Beləliklə dövlətin malik olduğu iqtisadi vasitələr qarşıya qoyulan məqsədlərə nail olmaq üçün iqtisadi resurslardan istifadə etməyi və xarici iqtisadi imkanlardan bəhrələnməyi nəzərdə tutur. Təsadüfi deyildir ki, respublikamızın iqtisadi tərəqqinin davamlılığını təmin edən milli inkişaf modelinə dünya miqyasında da ciddi maraq göstərilir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı yüksəldən inkişaf strategiyasının əsaslarının nə dərəcədə uzaqgörənliklə müəyyənləşdirildiyni real nəticələr əsasında sübut edir. Çünki güclü iqtisadiyyata və maliyyə mənbələrinə malik olmaqla dövlətin beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməsi mümkündür.
Hüquqi dövlət quruculuğunun məqsədyönlü inkişafının əsas şərtlərindən biri ölkənin milli təhlükəsizliyinin təmin edilməsi sayılır. Ulu öndər H.Ə.Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərlə ölkə həyatının bütün sahələrində uğurlu nəticələr əldə edilmiş, müstəqilliyimizin əsasları xeyli dərəcədə möhkəmlənmiş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yeni, özünün daha yüksək mərhələsinə çatmışdır. 44 günlük Vətən müharibəsi də məhz milli maraqların təmin olunmasına xidmət etdi.Dövlətimizin sərhədlərinin bərpası milli maraqların təmin edilməsi istiqamətdə görülmüş ən vacib məsələdir.
Ceyhun Cahangirov
Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.