"Bayden Administrasiyasından sonra Donald Trampın Avropa və Rusiya ilə münasibətlərində sərgilədiyi siyasət hər şeyi alt-üst edir. Hazırda avropalılar və NATO böyük ixtilaf içərisindədir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, Ukrayna Rusiya-ABŞ münasibətlərinin normallaşması və ayaqda tutulması üçün qurban verilir:
"Bu yanaşma Qərbin nə qədər ikiüzlü və riyakar olduğunun göstəricisidir. Vaxtilə məhz Ukraynanı Rusiyaya qarşı silahlandıran, 500 milyard dollar məbləğində silah-sursat yardımı edən ABŞ, NATO və Avropa İttifaqı idi. Ancaq bu gün onlar öz yardımlarını dayandırmaq üzrədir. Ukraynanı oyundankənar qoyaraq onun üzərindən Rusiya ilə razılığa gəlirlər”.
Müsahibimizə görə, bütün bu razılaşmaların arxasında o durur ki, Tramp Ukraynanı, Baltikyanı ölkələri bir növ Rusiyanın təsir dairəsi kimi tanıyır. Əvəzində isə 2025-ci ilin sonuna kimi Yaxın Şərqdə, xüsusən İran və Fələstin üzərində ABŞ və onun müttəfiqi İsrailin istədiklərini etmək üçün kart-blanş alınır.

Tural Gəncəliyev: Ukraynanı oyundankənar qoyaraq onun üzərindən Rusiya ilə razılığa gəlirlər
T.Gəncəliyev hesab edir ki, razılaşmanın önəmli aspektlərindən biri formalaşmaqda olan Rusiya-İran müttəfiqliyinin qarşısını almaqdır:
"Tramp Ukraynanı Rusiyaya güzəştə getməklə Rusiyanı İrandan aralayır. Hazırda İranın nüvə obyektlərinin vurulması və bu ölkənin neytrallaşdırılması üçün çox gözəl şans yaranıb. Trampın Ukrayna üzərindən Rusiya ilə anlaşmasının arxasında Yaxın Şərqdə İranın oyunçu kimi kənarlaşdırılması dayanır. Çünki biz müşahidə edirik ki, ABŞ-Rusiya danışıqları fonunda İsrailə, Yaxın Şərqə çox güclü silah arsenalının, ağır texnikanın göndərildiyini görürük. Bunlar pazlın müəyyən hissələridir. Ona görə də Yaxın Şərqi Ukraynadakı proseslərdən ayırmamalıyıq".
Aydın Baxış