Bu gün bazarda Hövsan soğanının bu qədər baha qiymətə satılmasının səbəbi onun Rusiyaya və Türkiyəyə də göndərilməsi, həmçinin indi Hövsan sığanının az olmasıdır. Çünki indi bu vaxtlar soğanın toxumu səpilir, yayda isə məhsul verir.
Bizimaz.az xəbər verir ki, bu sözləri Hövsanda soğan əkimi ilə məşğul olan Kamran Əliyev “Yeni Müsavat”a sözügedən soğanın bazarda 7-8 manata satılmasının səbəbləri barədə danışarkən deyib. Soğan təsərrüfatı ilə məşğul olan K.Əliyev bildirib ki, indi Hövsan soğanı tapmaq çox çətin olduğuna görə qiyməti bu qədər bahalaşıb. Həmçinin soğanın əkini asan başa gəlmir:
“Fəhlənin pulu, toxum xərci, su sərfiyyatı... - bunlar hamısı xərc aparır. Traktor hektarını 150 manata sürür. Quyunun motoru pul yazır, yəni əziyyəti az deyil. Ona görə qiymətə təsir edir. Yayda Hövsan soğanının kilosunu 3 manata tapa bilərsiniz, amma indi 7-8 manatdır. Əslində, hər il bu vaxt qiyməti yüksək olur. Çünki bu vaxtı Hövsan soğanı tapmaq qəliz məsələdir. İndi gözləyirik ki, avqustda məhsul çıxsın, sataq”.
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev isə bildirib ki, Azərbaycanda soğanın qiyməti ötən il çox aşağı olub və bu, fermerlərə zərər vurub:
“Ola bilsin ki, bunu nəzərə alan sahibkarlar bu il üçün az soğan əkiblər və son nəticədə qiymət artıb”.