“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bugünkü tarixə 21 tranş çərçivəsində ümumilikdə 96 mln. 106 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.
Bizimaz.az bildirir ki, Maliyyə Nazirliyindən (MN) Modern.az-a verilən məlumata görə, sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 21 min 817 vergi ödəyicisinə 43 mln. 585 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 87 min 300 fərdi (mikro) sahibkara 52 mln. 515 min manat olmaqla, ümumilikdə 109 min 117 vergi ödəyicisinə 96 mln. 106 min manat vəsaiti onların müvafiq agent banklarda olan hesablarına köçürüb.
Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında Xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə davam etdirilir.