Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-ə verilən xəbərə görə, eyni zamanda xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunmuşdur. Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmışdır.

Eyni zamanda qəbul olunmuş qərarla bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunmuşdur.