Dövlət ərzaq təhlükəsizliyi üçün daha hansı işlər görür?
Koronavirus pandemiyasının yaratdığı hərəkət məhdudiyyəti bütün dünyada ərzaq təchizatı məsələsini aktuallaşdırıb. Artıq dünyanın bir sıra böyük təşkilatları dövlətləri ayrı-ayrı ərzaq məhsullarının ixracını məhdudlaşdırarkən digər ölkələri də nəzərə almağa çağırıb. Bu baxımdan, idxalında ərzaq məhsulları böyük yer tutan Azərbaycan üçün də hazırkı vəziyyətdə ciddi çağırışlar formalaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseynin dediyinə görə, pospandemiya dövrü üçün Azərbaycanda inkişafına diqqət yetiriləcək istiqamətlər olaraq kənd təsərrüfatı və emal sənayesinin də seçilməsi ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir: “Koronavirus pandemiyasının yayılması ilə dünyada kənd təsərrüfatının inkişafı və əhalinin yerli istehsal hesabına təmini məsələsi ciddi şəkildə aktuallaşıb. Belə bir şərait göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmini məsələsinə xüsusi diqqət yetirməklə düzgün siyasət həyata keçirib. Son illərdə ölkəmizdə əhalinin yerli məhsullarla təminatına nail olmaq üçün kənd təsərrüfatının subsidiyalaşdırılması bu baxımdan xüsusi qeyd edilməlidir. Bu fəaliyyətlərin nəticəsidir ki, son 7 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Ötən il Azərbaycan sözügedən hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub”.
Ramil Hüseyn qeyd edib ki, hətta qlobal iqtisadi proseslərin təsiri ilə 2016-cı ildə ölkədə ÜDM azalsa da, kənd təsərrüfatında artım qeydə alınıb: "Cari ildə koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə olacağı gözlənilsə də kənd təsərrüfatı sahəsində artımın olacağı proqnozlaşdırılır. Bildiyiniz kimi, bu ilin birinci rübündə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artıb. Xüsusən də bu ilin ilk 3 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. O cümlədən tərəvəz ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb. Tədbirlər planı çərçivəsində görüləcək işlər də kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, ölkənin ərzaq təhlükəsiliyinin güclənməsinə xidmət edəcək".
R.Hüseyn vurğulayıb ki, pandemiya şəraitində və ya hər hansı fövqəladə hal zamanı əhalinin taxıl məhsulları ilə təminatında problemin yaranmaması üçün Dövlət Taxıl Fondunun yaradılması da vaxtında verilmiş doğru qərardır: "Dövlət Taxıl Fondunda buğda ehtiyatı var. Digər tərəfdən Azərbaycan ərzaqlıq buğdanın bir hissəsini əsasən Rusiya və Qazaxıstandan idxal edir və hazırda bununla bağlı işlər gedir. Kartofla bağlı da ölkəmizin mövcud ehtiyatları tələbatın ödənilməsi üçün tam kifayət edir. Ölkəmizdə faraş kartof da bazara çıxmaq ərəfəsindədir. Həmçinin soğanın və digər tərəvəzlərin də istehsal ilə bağlı vəziyyət qaydasındadır”.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkəmizin faktiki şəkər ehtiyatlarının həcmi 395 min tona bərabərdir və bu da yaxın aylarda daxili istehlakın ödənilməsində problemlərin olmayacağını göstərir: “Həmçinin 2020-ci ilin yanvar-fevral aylarında ölkəmizə 7,86 min ton düyü idxal olunub. Hazırda düyü ehtiyatlarının həcmi təqribən 5 aylıq tələbatın ödənilməsinə kifayət edir. Ət və süd məhsulları ilə isə tələbatın ödənilməsi əsasən yerli istehsal hesabına təmin olunur. Əhalinin digər ərzaq məhsulları ilə təminatı istiqamətində də iş aparılır. Tədbirlər planı çərçivəsində əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi məsələsinə baxılacaq. Eyni zamanda bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalı ƏDV-dən azad ediləcək".
Mərkəz rəsmisi deyib ki, koronavirus böhranının kənd təsərrüfatına mənfi təsirinin minimallaşdırılması üçün də müvafiq iş aparılır: "Nazirlər Kabinetinin qərara əsasən, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələləri tənzimləmək üçün “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat” təsdiqlənib. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. Yəni kənd təsərrütında məhsul istehsalının davamlılığını təmin etmək üçün iş görülür.
Həmçinin Prezidentin Sərəncamına əsasən aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manatın ayrılması da mühüm əhəmiyyətə malikdir. Bu vəsait koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanmasına xidmət edəcəkdir.
Xüsusən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqmətində komissiyanın yaradılması və onun qarşısına su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məsələsinin qoyulması kənd təsərrüfatının inkişafına töhfə verəcəkdir. Yekun olaraq deyə bilərik ki, dövlətin iqtisadi siyasətinin əsas prioriteti kimi kənd təsərrüfatı və emal sənayesinin inkişafının seçilməsi yerli istehsalın artmasına və ərzaq məhsulları ilə özünütəmin etmə səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir".(musavat.com)