Məcburi dövlət sosial və işsizlik sığortaları üzrə sığorta haqlarının ödənilməsi üçün son tarixə az qalır.
2020-ci ilin fevral ayı üzrə hesablanmış həmin sığorta haqları mart ayının 16-dan gec olmayaraq, tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir.
Milli Məclisin qərarı, Prezidentin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər, əmək müqaviləsi ilə işləyən Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.
Həmçinin, Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər da bu kateqoriyaya aiddir.
Ancaq qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı, subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna təşkil edir.
Seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri, vergi orqanlarının işçiləri, vəkillər kollegiyasının üzvləri, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.
İşsizlikdən sığorta isə sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
Sığortaçı, sığorta olunanlar və sığorta edənlər işsizlikdən sığortanın subyektləridir.
istinad